“Mən bunu istəyirəm!” - Uşağın “fast-food” sevgisinin arxasında nə dayanır?

KÖŞƏ YAZILARI
15:10 / 18.08.2026
142

Müasir dövrdə uşaqların qidalanma vərdişləri ciddi şəkildə dəyişir. 

Əvvəllər uşaqların gündəlik rasionunda evdə hazırlanan yeməklər, tərəvəz və meyvələr daha böyük yer tuturdusa, bu gün “fast-food”, şirniyyat, qazlı və şəkərli içkilər onların seçimlərində getdikcə daha çox üstünlük qazanır. Xüsusilə azyaşlı və məktəbyaşlı uşaqlar arasında bu tendensiyanın genişlənməsi yalnız qidalanma məsələsi deyil, həm də gələcək sağlamlıq baxımından narahatlıq doğuran problemdir. Çünki uşaqlıq dövründə formalaşan yanlış qida vərdişləri sonrakı illərdə piylənmə və digər sağlamlıq problemləri üçün zəmin yarada bilər.

“Fast-food” tipli qidaların tez-tez və həddindən artıq istehlakı uşaqlarda piylənmə riskini artıran əsas amillərdən biridir. Bu qidalar adətən yüksək kalorili, yağlı, duzlu və şəkərli olur, lakin orqanizmin ehtiyac duyduğu faydalı qida maddələri baxımından kifayət qədər zəngin deyil. Uşağın hərəkətliliyi də azdırsa, qəbul etdiyi artıq enerji yağ şəklində toplanaraq zamanla artıq çəkiyə və piylənməyə gətirib çıxara bilər. Bu səbəbdən problem yalnız uşağın çəkisi ilə deyil, onun gələcək sağlamlığı ilə də bağlıdır.

Əslində uşağın “fast-food”a marağını yalnız onun şəxsi seçimi kimi qiymətləndirmək düzgün olmazdı. Belə ki, uşaq nəyi sevməli olduğunu böyük ölçüdə ətraf mühitdən öyrənir. Rəngarəng reklamlar, sosial şəbəkələr, cəlbedici qablaşdırmalar və uşaqların diqqətini hədəfləyən marketinq fast-foodu onlar üçün adi yeməkdən daha maraqlı və arzuolunan seçimə çevirir. Bu baxımdan uşağın qarşısında seçim qoyulmazdan əvvəl həmin seçimi formalaşdıran mühitə baxmaq lazımdır.

Burada valideyn məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır. Uşağın hər istəyini yerinə yetirmək valideynlik qayğısı kimi qəbul edilə bilməz. Əksinə, uşağın sağlamlığına zərər verə biləcək seçimlər qarşısında sərhəd qoymaq valideynin əsas məsuliyyətlərindən biridir. Uşaq “mən bunu istəyirəm” dedikdə valideynin vəzifəsi hər dəfə həmin istəyi təmin etmək yox, onun nə üçün istədiyini və bunun uşağın sağlamlığı üçün nə dərəcədə doğru olduğunu nəzərə almaqdır.

Amma problemi yalnız valideynin üzərinə qoymaq da doğru deyil. Çünki valideyn özü də gündəlik həyatın sürəti, iş rejimi və rahatlıq axtarışı səbəbindən hazır qidalara üstünlük verə bilər. Uşaq isə gördüyünü təkrarlayır. Ona görə uşağa “sağlam qidalan” deməzdən əvvəl ailədə sağlam qidalanma mühiti yaradılmalıdır.

Ümumiyyətlə, evdə sağlam qidalar əlçatan olmalı, uşağa onların hazırlanmasında iştirak etmək imkanı verilməli, valideyn özü nümunə göstərməli, məktəblərdə də uşaqların qidalanmasına daha ciddi diqqət yetirilməlidir.

Əslində uşağın “fast-food”dan uzaqlaşdırılması bir gündə veriləcək qadağa ilə mümkün deyil. Sağlam qidalanma uşağa məcburiyyət kimi deyil, gündəlik həyatın təbii hissəsi kimi təqdim edilməlidir. Uşağın bu gün hansı yeməyi seçməsi qədər, sabah sağlamlığını qorumağı öyrənməsi də vacibdir.

Günel Cəlilova

0