Azərbaycanda donuz saxlayanların diqqətinə - Bunlara əməl edilməlidir

ÖLKƏ
22:36 / 26.11.2026
37

Donuzların saxlanıldığı binaların layihələndirilməsi zamanı mərtəbələrin sayı, tavan və pəncərə hündürlüyü, döşəmənin istilik göstəriciləri, yanğın təhlükəsizliyi və havalandırma ilə bağlı bir sıra tələblər nəzərə alınmalıdır.

Trend-in araşdırmasına görə, müvafiq texniki-iqtisadi əsaslandırma olduqda donuz və quşların saxlanılması üçün nəzərdə tutulan binaların çoxmərtəbəli layihələndirilməsinə icazə verilir.

Belə binaların ölçüləri və mərtəbələrinin sayı heyvan və quşların müxtəlif ölçülü və mərtəbəli tikililərdə saxlanılması variantlarının texniki-iqtisadi müqayisəsi əsasında müəyyən edilməlidir.

Tələblərə əsasən, donuz, qoyun və keçilərin saxlanıldığı binalarda təmiz döşəmə səviyyəsindən çıxıntılı konstruksiyaların aşağı hissəsinədək hündürlük ən azı 2,4 metr olmalıdır. Donuzların saxlanıldığı yerləşgələrdə isə təmiz döşəmə səviyyəsindən pəncərə oyuqlarının aşağı hissəsinədək məsafə minimum 1,2 metr təşkil etməlidir.

Döşəmənin istilik mənimsəmə göstəricisi heyvanların növünə və saxlanma məqsədinə uyğun müəyyənləşdirilir. Doğumuna 2-3 ay qalmış inəklər və düyələr, damazlıq buğalar, altı aya qədər danalar, iri buynuzlu cavan heyvanlar, anac donuzlar, qabanlar və süddən ayrılmış donuz balaları üçün nəzərdə tutulan döşəmələrdə bu göstərici 11 Vt/(m·℃) olmalıdır. Boğaz inəklər, cavan donuzlar, kökəldilən donuzlar və iri buynuzlu heyvanlar üçün isə göstərici 13 Vt/(m·℃) müəyyən edilib.

Donuz balalarının saxlanıldığı yerlərdə döşəmənin hava vasitəsilə qızdırılması nəzərdə tutulduqda, boşluqları olan və yanmayan materiallardan hazırlanmış döşəmələrin qurulmasına icazə verilir.

Yanğın təhlükəsizliyi baxımından donuz və quşların saxlanılması üçün nəzərdə tutulan iki və daha çox mərtəbəli binalarda daxili yanğın su kəməri olmalıdır. Eyni tələb sahəsi 10 min kvadratmetrdən çox olan və “V” kateqoriyalı istehsalatın yerləşdiyi birmərtəbəli çoxaşırımlı binalara da şamil edilir. Bu sistemdə suyun hesablama sərfi hər bir şırnaq üçün saniyədə 2,5 litr təşkil etməlidir.

İstilik və mexaniki ventilyasiya sistemləri layihələndirilərkən ərazinin iqlim şəraiti də nəzərə alınmalıdır. İlin ən soyuq beş günündə orta temperaturun mənfi 10 dərəcədən aşağı olduğu rayonlarda iribuynuzlu heyvanlar, donuzlar, südlük və ətlik keçilər, balalı anac dəvələr və quşlar üçün binalarda mexaniki ventilyasiya və hava isitmə sistemləri layihələndirilərkən xarici havanın “B” parametrləri əsas götürülməlidir. Orta temperaturun mənfi 10 dərəcə və daha yüksək olduğu rayonlarda belə binalar üçün, həmçinin at və qoyunların saxlanıldığı tikililərdə “A” parametrləri tətbiq edilməlidir.

İribuynuzlu heyvanlar, donuz və quşlar üçün binalarda təbii ventilyasiya layihələndirilərkən xarici havanın hesablama temperaturu 5 dərəcə, at, keçi və qoyunların saxlanıldığı binalarda isə 2 dərəcə qəbul olunmalıdır.

Bəzi yerləşgələrdə yerli isitmə cihazlarından istifadə edilməsinə də icazə verilir. Bu, iribuynuzlu heyvanların doğum bölmələrinə, balaları ilə birlikdə saxlanılan anac donuzların və cavan quşların yerləşdiyi sahələrə aiddir.

Donuz və quşların saxlanıldığı binalarda minimal hava mübadiləsinin ən azı 50 faizi həcmində havanın aşağı zonadan sorulması təmin edilməlidir. Donuzlar qəfəsli döşəmələrdə saxlanıldıqda bu həcmdə havanın zirzəmi və kanallardan sorulması təşkil olunmalıdır.

Qoyun tövlələrində isə ilin keçid dövründə, xarici havanın mülayim olduğu şəraitdə minimal hava mübadiləsinin 50 faizinədək hissəsi pəncərəaltı ventilyatorlar vasitəsilə aşağı zonadan xaric edilməlidir.

0