Qod Nisanovun evi sökülən qohumu kompensasiya ala bilmir - Özəl

ÖLKƏ
15:31 / 20.07.2020
12412

Azərbaycan mənşəli yəhudi biznesmen Qod Nisanovun yaxın qohumu olan Anara Baazovanın Bakıdakı evi özünün xəbəri olmadan sökülüb. 

Hit.Az xəbər verir ki, Baazova ölkədə olmadığı vaxtda “Sovetski”dəki mülkiyyəti uçurulub. 

İsrail vətəndaşı olan A.Baazovanın evinin söküntüsü zamanı əşyalar da sıradan çıxıb.  

Ona çatan kompensasiya isə bu günə qədər ödənilmir. A.Baazova kompensasiyaların ödənilməsi məqsədi ilə yaradılmış Komissiyada, Maliyyə Nazirliyinin məsul şəxlərinin qəbulunda olub. Lakin kompensasiyanın ödənilməsi uzadılır. 

A.Baazova düşünür ki, onun maliyyə naziri Samir Şərifova yazdığı məktublar ünvana çatmır. Buna görə də 2 ildir ki, A.Baazova sökülmüş mülkiyyətinə görə kompensasiya ala bilmir. 

A.Baazova qeyd edir ki, ona məxsus mülk M.Əliyev küçəsi dalan 2, 10 a ünvanında yerləşib. Evin bütün sənədləri var, Mənzil Kommunal İstismar Sahəsi (MKİS) təsdiq edib ki, A.Baazovaya məxsus mülk sökülüb. 

İcra Hakimiyyətinin nəzdində yaradılan, Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı ilə təşkil olunmuş Komissiyada A.Baazovanın əmlakının dəyərinin hesablaması aparılıb. Qiymət də müəyyən olunub. Sonradan isə qərara gəliblər ki, pulu ödəməsinlər.

0