“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Ağdam təmsilçisinin çalışdırıcısı əvvəlcə qarşılaşmanı şərh edib:
"Oyun heç də asan olmadı. Qalib gəlmək istəyirdik, bir xal qazandıq. Futbolçular həqiqətən çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Futbolçularım sərt oyunu hiss etdilər. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matça köklənməliyik".
- Xayme Romeronu görmədik. Mahir və Bədavinin durumu necədir?
- Bədavinin əvəzlənməsini əvvəldən planlaşdırmışdıq. Ehtiyat etdik, ona görə onu Maksimlə əvəzlədim. Mahirin əvəzlənməsi planda yox idi. Romeronun əzələ ağrısı var idi və ola bilsin, sabah komandaya qoşulsun. Növbəti oyuna 100 faiz hazır olacağına inanmıram. Ola bilsin, ikinci hissədə meydana girər, ya da son 15-20 dəqiqə oynayar. Mahirin durumu ciddiyə oxşayır. Yəqin, sabah daha dəqiq bilinəcək.
- “Molde”ylə oyunun Kiprdə keçirilməsi futbolçuların motivasiyasına necə təsir edəcək?
- Belə qərarlar bəzən futbolçulara motivasiya verir, bəzən də əksinə. Daha əvvəl verilmiş qərar olsaydı, özümüzü buna hazır edərdik. Bizə təsir edən bu qərarın gec verilməsidir. Düşünürdük ki, qərar bu qədər gecikibsə, yəqin oyun Bakıda olacaq. İnşallah, bu, futbolçulara müsbət motivasiya verər. Bəzən, maksimum motivasiya da futbolçuya mane olur və komandaya ziyan verir. UEFA-nın qərarına da bir söz deyə bilmərik.
- Yeni transfer Patrik Andrade növbəti oyunda meydanda ola bilər?
- Sabahdan hazırlığa başlayacağıq. Hansı sistemlə oynamağı düşünəcəyik. Növbəti oyunda ilk dəqiqələrdən də meydanda ola bilər, sonradan da girə bilər.
- Yeni transfer gözlənilirmi?
Hələ bilinmir. Hazırda az sayda futbolçuyla danışıqlar gedir.