Kadırov müəmması davam edir – Video-müraciət yaydı, özü görünmədi

DÜNYA
13:23 / 24.05.2020
1077

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ramazan bayramının başlaması münasibətilə müsəlmanları təbrik edib.

“Telegram”da yayımlanan videoda Qroznı şəhərinin mərkəzindəki park və məscid nümayiş olunur, kadr arxasından Kadırovun çeçen dilində müraciəti eşidilir. R.Kadırov özü isə videoda görünmür.

“Mən sizi Ramazan bayramının başlaması münasibətilə təbrik edirəm. Bu, pandemiya səbəbindən hər kəs üçün çətin bir dövr idi, çoxları qorxurdu və bu, başadüşüləndir. Demək istəyirəm ki, Çeçenistanda keçən ilə nisbətən ölənlərin sayı azdır və bu ilin dörd ayı ərzində doğulanların sayı daha çoxdur”, – deyə R.Kadırov bildirib.

Onun sözlərinə görə, bu, respublika əhalisinin müəyyən edilmiş bütün karantin tədbirlərinə riayət etməsi nəticəsində mümkün olub.

R.Kadırov eyni zamanda xalqına sülh və harmoniya arzulayıb. “Xeyirxah Allah oruclarınızı qəbul etsin, bütün dualarınıza və yaxşı əməllərinizə cavab versin, sizi ən yaxşı şeylərlə mükafatlandırsın, “Quran” və sünnə ardıcıllarının saleh yolunda imanınızı möhkəmləndirsin! Yaşasın mənim sevimli çeçen xalqım!“, – deyə müraciətdə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “RİA Novosti”nin mənbəsi R.Kadırovun paytaxt xəstəxanalarından birində müalicə olunduğunu bildirmişdi. Mediada onun koronavirus infeksiyasına yoluxması barədə də məlumatlar yayılmışdı. Lakin operativ qərargahın rəhbəri Maqomed Daudov bu məlumatları təkzib etmişdi

0
Teleqraf.com