Azərbaycan və Türkiyə ordusunun birgə təlimi regiondakı təhdidlərə cavabdır - ŞƏRH

21:05 / 24.10.2023
475

"Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimi Şuşa bəyannaməsindən irəli gələn vəzifələrin həlli və ikitərəfli hərbi seqmentdə münasibətləri daha da yaxınlaşdırmaq naminə atılan addımlardır".

Bunu Hit.az-a açıqlamasında politoloq İlyas Hüseynov Azərbaycan və Türkiyə ordularının birgə təlimi barədə danışarkən deyib.

O bildirib ki, Şuşa bəyannaməsi bizim üçün bir istiqaməti müəyyənləşdirir:

"Dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsini özündə ehtiva edir, digər tərəfdən uzun illərdir ki, hərbi sahədə Azərbaycan-Türkiyə iş birliyi özünü göstərməkdədir. Azərbaycan zabitləri, ordumuzun qabaqcıl simaları Türkiyə standartlarına uyğun müxtəlif təlim, seminar və məşqlərdə iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında Atatürk Hərbi Təlimlərinin keçirilməsi həm də regional təhlükəsizliyin yeni reallıqlarda daha da möhkəmlənməsinə xidmət edir. Düşünürəm ki, bu təlimlərin çox səmərəli nəticəsi olacaq. Nəzərə almaq lazımdır ki, hər zaman regionda təhdidlər və çağırışlar mövcuddur. Ermənistanda revanşizmə dair müxtəlif fikirlər var. Həmçinin, Fransanın bu istiqamətdə təşəbbüsləri hiss olunmaqdadır. Artıq Fransa ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığa dair saziş də imzalanıb. Yəni, bütün kompleks məsələlərin həlli baxımından təlimlər öz aktuallığı ilə seçilir".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hər sahədə əməkdaşlığı illərdir ki davam etdirir:

"Bizim dostluğumuzun əbədi olmasının əsas qayəsi də bundan ibarətdir ki, müxtəlif sahələrdə - hərbi, siyasi, iqtisadi, ideoloji, enerji, humanitar, mədəni aspektlər günü-gündən gücləndirilir. Baxmayaraq ki, Azərbaycan Vətən Müharibəsində və ondan sonrakı bütün dövr ərzində hərbi sahədə peşəkarlığı, ustalığı ilə seçilib. Əldə olunmuş təcrübənin daha da inkişaf etdirilməsi əlbəttə ki zəruridir".

Aynur Əli

0