Məşhurları fanatikcəsinə sevmək psixoloji problemdir?

SAĞLAMLIQ
14:00 / 06.05.2024
835

Məşhur şəxslərin minlərlə, hətta milyonlarla fanatı olur. 

Bu fanatlar onlara daima dəstək verir və məşhurlara sevgilərini göstərmək üçün əllərindən gələni edirlər. Lakin bəziləri fanatlığı həddindən artıq səviyyədə yaşayır. Hətta özlərinə zərər verəcək dərəcədə kiməsə qarşı həddindən artıq sevgi bəsləyən insanlara rast gəlirik. 

Maraqlıdır, hansısa məşhuru həddindən artıq fanatikcəsinə sevmək psixoloji problem sayıla bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirib ki, hər bir duyğunun və hissin həddindən artıq dərəcədə yaşanılması onun psixoloji problemə gətirib çıxarmasına səbəb olur:

349515

"Hansısa məşhuru fanatik dərəcədə sevmək də həmin duyğulardan biridir. Yəni kiməsə qibtə etmək və rəğbət bəsləmək duyğusudur. Lakin fanatiklik bunun şiddətli formaya çevrilməsidir. Üstəlik, kimisə fanatikcəsinə sevmək insana problem yarada bilər.

Məsələn, kimsə hansısa müğənni və ya aktyoru şiddətli şəkildə sevirsə, o insana görə özünə zərər verməyə başlayır. Yəni o insanı görəndə üzlərinə, gözlərinə, saçlarına zərər yetirir, ağlayır və həddindən artıq yüksək səslə qışqıraraq onu səsləməyə çalışır". 

Həmsöhbətimiz daha bir nümunə verib:

"Dünya pop musiqinin kralı Maykl Ceksonun fanatlarının özlərinə zərər yetirdiyi hər kəsə məlumdur. Sözsüz ki, bu, adi fanatiklik deyil və şəxsin özünə ciddi zərərlər vermə səviyyəsinə gəlib çıxır". 

Nabat Mirzəyeva qeyd edib ki, fanatizm sözünün mənası tutulma deməkdir:

"Bu, hətta sitayiş mənasına da gəlir. Bir insana həddindən artıq və şiddətli şəkildə duyğuların bəslənilməsi psixoloji problemlərlə nəticələnir. Çünki kiməsə görə özünə mənəvi və fiziki olaraq zərər vermək psixoloji problemdir. Amma kiminsə etdiyi işə qarşı hörmət və sevgi olmasına rəğmən şəxsin özünə heç bir zərər yetirməməsi normal pərəstişkarlıqdır".

Pərviz

1