Mütəxəssisdən təzyiqi aşağı olan insanlara MƏSLƏHƏTLƏR

SAĞLAMLIQ
14:30 / 29.05.2024
631

"Təzyiqi aşağı olan insanlar sağlam həyat tərzi keçirməyə diqqət etməlidirlər". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O qeyd edib ki, gün ərzində orqanizm üçün kifayət qədər maye qəbul etmədikdə qanda qatılaşma gedir:

"Bu da təzyiqin aşağı düşməsinə və bir çox başqa problemlərə gətirib çıxarır. Həmçinin, qidalarında həddindən artıq az duz istifadə edən insanların da təzyiqi aşağı düşə bilir. Ona görə də gün ərzində lazım olan miqdarda qida qəbul etmək tövsiyə olunur. Təzyiqin normal olması üçün gün ərzində 6 qrama yaxın duz qəbul etmək lazımdır".

Ekspert bildirib ki, təzyiqi aşağı düşən şəxs duzlu ayran içdikdə qısa zamanda təzyiqi normallaşa bilər:

"Qısa müddətdə təzyiqi normal gətirmək üçün çay, kofe və meyvə istifadə etmək olar. Amma onların hamısını birdən deyil, fasilələrlə qəbul etmək lazımdır. Xüsusilə də şirin meyvələri istehlak etdikdən sonra yemək yeməyə diqqət etmək lazımdır. 

Çünki şirin meyvələri yedikdən sonra ara vermək qanda şəkər səviyyəsinin sürətlə yüksəlməsinə, daha sonra da eyni templə aşağı düşməsinə səbəb olur. Bu da enerjinin aşağı düşməsi, bədəndə əsmə, narahatlıq hissinə və soyuq tər basmasına səbəb ola bilir".

351451

Həmsöhbətimizin onu da vurğulayıb ki, fiziki aktivlik də çox önəmlidir:

"Hərəkətsiz qalmaq da təzyiqin aşağı düşməsinə gətirib çıxarır. Orqanizmə faydalı olacaq fiziki aktivlik və idman hərəkətlərinin edilməsi qan dövranını normallaşdırır. Bu da qan təzyiqinin normada olmasına kömək olur. 

Bundan başqa, Çay və kofeni iki yemək arasında qəbul etmək daha faydalıdır. Təzyiqi aşağı olan insanlar çay və kofe ilə birlikdə az miqdarda şirniyyat da qəbul edə bilərlər". 

Məhsəti Hüseynova diqqətə çatdırıb ki, təzyiqi aşağı olan insanların limonlu sudan istifadə etməsi düzgün deyil: 

"Çünki bu, təzyiqi aşağı olan şəxslərdə daha da ağır fəsadlara səbəb ola bilər. Daha çox şirin və tünd şokoladdan istifadə etmək qısa müddətdə qan təzyiqinin normallaşdırar. Axşam saat 23:00-dən sonra 7-8 saat yatmaq lazımdır. 

Bu da orqanların funksiyalarını normal yerinə yetirməsinə səbəb olur, eləcə də qan dövranına müsbət təsir edir. Qan təzyiqi aşağı olan insanların səhər tezdən oyanan kimi günə su ilə başlamaları məsləhətdir". 

Pərviz

0