Depressiya və ürək xəstəliklərinin ümumi səbəbləri tapıldı

SAĞLAMLIQ
14:38 / 09.06.2026
48

Depressiya və ürək-damar xəstəlikləri ümumi genetik səbəblərə malik ola bilər. Eyni zamanda psixi sağlamlığın bərpası çox vaxt ürək funksiyalarının yaxşılaşmasından əvvəl baş verir, əksinə isə bu əlaqə müşahidə edilmir. Bu nəticəyə Amsterdam Azad Universiteti və Amsterdam Tibb Mərkəzinin alimləri gəlib. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Cardiovascular Research” jurnalında dərc olunub.

Tədqiqatçılar geniş genetik və epidemioloji araşdırmaların məlumatlarını təhlil edərək narahatlıq və affektiv pozuntuların niyə ürək və damar xəstəlikləri olan insanlarda tez-tez rast gəlindiyini araşdırıblar.

Əsas amillərdən biri ümumi irsi meyillilik olub. Bəzi genetik xüsusiyyətlər həm depressiya, həm də ürək-damar xəstəliklərinin inkişaf riskini eyni zamanda artırır. Bundan əlavə, hər iki xəstəlik qrupuna ümumi ətraf mühit faktorları da təsir göstərir, o cümlədən xroniki stress, əlverişsiz həyat şəraiti və aşağı sosial-iqtisadi status.

Müəlliflər həmçinin depressiyanın özünün ürək-damar xəstəliklərinin yaranma riskini artıra biləcəyinə dair sübutlar əldə ediblər. Bunun əksinə, yəni ürək xəstəliklərinin psixi pozuntulara səbəb olması ilə bağlı inandırıcı dəlillər isə aşkar edilməyib.

Nəticələri yoxlamaq üçün alimlər əkizlər üzərində aparılan tədqiqatların və böyük miqyaslı genetik layihələrin nəticələrindən istifadə ediblər. Bu yanaşma təsadüfi əlaqələrlə səbəb-nəticə əlaqələrini ayırd etməyə imkan verib. Əlavə sübut kimi klinik sınaqların məlumatları da göstərilib: depressiyanın müalicəsi çox vaxt ürək-damar sisteminin vəziyyətinə müsbət təsir edir, halbuki ürək xəstəliklərinin müalicəsi həmişə psixi sağlamlığın yaxşılaşmasına gətirib çıxarmır.

Alimlərin sözlərinə görə, xroniki depressiya stress hormonlarının (kortizol və adrenalin) yüksək səviyyədə qalmasına səbəb olur ki, bu da arterial təzyiqin artmasına və ürək döyüntüsünün sürətlənməsinə gətirib çıxarır. Bu göstəricilərin normallaşması trombların yaranma riskini azaldır (trombositlərin reaktivliyi azalır) və damar iltihabını zəiflədir.

Samir
 

0