Kanadanın Ontario əyalətində 11 yaşlı uşağın quduzluqdan ölməsi yarasalardan virus yoluxmasının görünən dişləmə izi olmadan da baş verə biləcəyini bir daha gündəmə gətirib. Mütəxəssislər yarasa ilə təmasdan sonra bədəndə yara izi görünməsə belə, dərhal tibbi yardıma müraciət etməyin vacibliyini vurğulayırlar.
HİT.az-ın məlumatına görə, elmi hadisə hesabatında qeyd olunur ki, uşaq yuxudan oyanarkən üzərində yarasa görsə də, bədənində dişləmə izi aşkar edilmədiyi üçün ailəsi narahat olmayıb.
Təxminən 19 gün sonra onun üz nahiyəsində keyimə və qarıncalanma hissi yaranıb, ardınca isə şiddətli qusma başlayıb. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.
Quduzluq ən təhlükəli virus xəstəliklərindən biri hesab olunur. Xəstəliyin inkubasiya dövrü adətən iki-üç ay davam edir. Əlamətlər ortaya çıxdıqdan sonra isə yüksək hərarət, şüur pozğunluğu, sudan qorxma (hidrofobiya) və digər ağır nevroloji fəsadlar inkişaf edir. Bu mərhələdə xəstəliyin müalicəsi demək olar ki, mümkün olmur.
Dünya üzrə quduzluq hallarının böyük əksəriyyəti it dişləmələri ilə əlaqələndirilsə də, Şimali Amerikada geniş peyvənd proqramları nəticəsində bu risk xeyli azalıb.
Bunun əvəzində yarasalar bölgədə virusun əsas daşıyıcılarından biri hesab olunur. Məlumata görə, Kanadada 1967-ci ildən qeydə alınan bütün insan quduzluğu halları yarasalarla əlaqəli olub.
Mütəxəssislər bildirirlər ki, yarasaların dişləri və caynaqları çox kiçik olduğundan onların yaratdığı zədələr gözlə görünməyə bilər. Bu isə virusun insan orqanizminə hiss olunmadan daxil olmasına şərait yaradır.
Bu səbəbdən ekspertlər yarasa ilə eyni otaqda oyanan şəxslərə, hətta görünən yara olmasa belə, vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.
Kanada hökuməti belə hallarda görülməli tədbirlərlə bağlı tövsiyələr yayımlayıb.
Tövsiyələrə əsasən:
* Yarasa ilə təmas ehtimalı olan paltarlar dərhal çıxarılmalıdır.
* Təmas ehtimalı olan nahiyə görünən yara olmasa belə, ən azı 15 dəqiqə sabunlu su ilə yuyulmalıdır.
* Yarasa hələ də yaxınlıqdadırsa, təhlükəsiz şəkildə qapalı məkanda saxlanılmalı və müvafiq xidmət orqanlarına məlumat verilməlidir.
* Ən vacib addım isə virusun orqanizmdə inkişafının qarşısını alan təmasdan sonrakı profilaktik peyvənd (PEP) kursuna mümkün qədər tez başlamaqdır.
Samir


