SƏNƏT
09:55 / 29.11.2022
841

“Fəxrəddin Manafovun məni öpməsi qəfil baş verdi, ssenaridə yox idi...”

"Elə sirrlərim var ki, onları heç kimlə bölüşməmişəm. Aktrisadan aktrisaya dost ola bilər, amma sirdaş ola bilməz. Mənim sirdaşım yalnız bacılarım, öz ailəmdir. Başqa heç bir sirdaşım yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

""Evləri köndələn yar” televiziya tamaşasında Fəxrəddin Manafovun məni qəfildən öpməyi improvizə idi. Bir də "Bəyin oğurlanması” filmində Vidadi Həsənov da məni gözləmədiyim anda öpür. Mən buna pis də baxmıram. Onlar mənim sənət yoldaşlarımdır. Biz görüşəndə də bir-birimizi öpürdük. Filmdə bu lazımdırsa etməlidirlər. Heç vaxt demərəm ki, məni niyə öpdün?! Bir rola çəkilirəmsə hər şey çərçivə daxilində olmalıdır. Rasim Ocaqov o vaxt məni "Təhminə” filminə dəvət etmişdi. Fizuli Hüseynovla bir cütlük olmalı idik. Bizə dedilər ki, yataq səhnələrinin sınaq çəkilişidir. Türkiyəli aktrisa Meral Konrat da orada idi. Öz-özümə dedim ki, Təhminənin bu qədər dərd-səri var, niyə xüsusilə yataq səhnəsi?! Çəkilmədim, peşman da deyiləm. Fizuli Hüseynov Spartak obrazına çəkildi” deyə sənətkar bildirib.

Xalq artisti "Səni axtarıram” televiziya tamaşasından da danışıb.

"Yaşar orada mənə "sən yaxşı qızsan, Gülnar” sözlərini deyəndə mən ağlamalı idim. Mən gənc idim, ağlaya bilmədim, yerimə Yaşar ağladı. Amma o hissləri yaşayırdım. Yaşarın bu sözü dillərə düşdü. Mənim ordakı baxışımı bəlkə də 3 saata çəkdilər. Bu kadra görə böyük əzab çəkdim. Sonradan ən gözəl görüntülər də o oldu. İlk gündən kameralarla dostluq etmişəm. Kameralar məni sevir. Heç vaxt kameraları hiss etməmişəm. Necə varamsa elə də düşmüşəm. Artıq kameraların işığı yananda o mən olmuram, oynadığım obraz olur” deyə sənətkar bildirib.

0