Qısa Filmlər Festivalına filmlərin qəbulu başladı

14:20 / 28.07.2020
1230

Noyabrın 13-dən 17-dək Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) filmlərin qəbulu başlayıb.

HİT.Az xəbər verir ki, “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək verir.

Festivalın dəstəkçiləri sırasında Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “02 MEDİA”, ÖZ FİLM şirkəti də yer alır.

Festival bu il də “35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala sentyabrın 1-dək təqdim edə bilərlər.

Festivalda beynəlxalq, yerli, “CİNEMOBİL” müsabiqə bölmələri mövcuddur.

Beynəlxalq müsabiqəyə əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri ilə qatıla bilərlər.

Festivalın yerli rejissorlara ünvanlanmış proqramları zənginliyi ilə seçilir. Yerli müsabiqədə bədii, sənədli, animasiya ilə yanaşı sosial çarxlar da mübarizəyə qoşulur.

Mobil telefonla çəkilmiş filmlərin yarışdığı “CİNEMOBİL” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum 5 dəqiqəlik ekran əsərlərini müsabiqəyə təqdim edə bilərlər.

Hər bir müəllif öz filmini festivalın saytı (www.filmfestival.az) və www.filmfreeway.com platforması üzərindən göndərə bilər.

Filmlər Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir.

Festivalın rəsmi proqramı oktyabrın 20-də açıqlanacaq.

Festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

Yerli rejissorlara hər zaman dəstək olmağa çalışan kinoforumda bu il bir ilk yaşanacaq. BBQFF Yerli müsabiqənin “Ən yaxşı qısa bədii film”, “Ən yaxşı qısa sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. “Ən yaxşı qısa animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyata keçirəcək.

2004-cü ildə təsis edilən Kann, Venesiya, Berlin film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü və ən böyük kino festivalıdır.

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bundan başqa, fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar beş gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

0