Paşinyandan müsahibə alan jurnalist: “Bu, ona ciddi problemlər yaradıb”

SİYASƏT
20:06 / 17.08.2020
911

Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın BBC telekanalının “HARDtalk” proqramına müsahibə verərkən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından, özünün kompromisə hazır olmasından və digər məsələlərdən danışıb. 

“MediaPost”un məlumatına görə, Paşinyanın verdiyi müsahibəni şərh edən pakistanlı jurnalist, siyasi analitik Malik Əyyub Sumbal səsləndirilən fikirlərin qeyri-ciddi olduğunu deyib.

O bildirib ki, Paşinyan özünü hüquq müdafiəçisi kimi göstərməyə çalışsa da, əslində o, Azərbaycana qarşı təxribatlardan əl çəkmir:

“Mən hesab edirəm ki, müsahibə Paşinyan üçün ciddi problemlər yaradıb. Çünki o, müsahibədə ciddi səhvlərə yol verdi. Seçkilər vaxtı Azərbaycan ilə sülh yaradılacağı barədə söz vermişdi, lakin son hadisələrdə gördük ki, bu istiqamətdə ciddi nailiyyətləri yoxdur. Paşinyan təkcə bu məsələni yox, eləcə də Ermənistanın daxili iqtisadi problemlərini də həll etmək iqtidarında deyil. Bunu pandemiya ilə mübarizə tədbirlərində də gördük. Azərbaycanın və Gürcüstanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə qazandığı uğurlar göz qarşısındadır. Ermənistan tərəfində isə əksinə proses gedir, Paşinyan dəfələrlə Azərbaycana qarşı təxribata əl atdı. Düşünürəm ki, belə təxribatlar Paşinyan üçün ciddi problemlərə gətirib çıxaracaq”.

Malik Əyyub Sumbal ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də danışaraq, bu qurumu işğalçı Ermənistana qarşı öz mövqeyini sərgiləməməkdə ittiham edib:

“Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynamalı olsa da, təəssüf ki, biz bu addımları görmürük. Ermənistanın qeyri-qanuni, qəbulolunmaz davranışlarına qarşı münasibət bildirilmir. Bütün beynəlxalq hüquqlar – qanunlar Azərbaycanın tərəfindədir. Lakin Minsk Qrupunun belə bir yanaşmasını görmürük, halbuki bu təşkilat Ermənistanın hərəkətlərinə, xüsusilə son təxribatına qarşı mövqeyini ortaya qoymalıdır. BMT-nin Təhlükəsizlik Şurasında da işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılması haqqında qətnamələr qəbul olunub. Minsk Qrupu fəaliyyətini məhz bu istiqamətdə qurmalıdır”.

0