Ermənistan girovların dəyişdirilməsinə niyə hazır deyil? - TƏHLİL

SİYASƏT
13:07 / 03.09.2020
2094

Bu gün erməni cəmiyyəti hakimiyyətdən narazılıq ifadə edən fikirlərlə ya sosial şəbəkələrdə çıxışlar edirlər, ya da aidiyyəti dövlət qurumlarına müraciət ünvanlayaraq üzlərini kilsəyə tutub gözləyirlər. Müraciətlərə ən yaxşı halda, rədd cavabı gəlir, ya da ümumiyyətlə cavablandırılmır.

Nəticədə də narazı ermənilər ölkəni tərk edirlər. Onları narahat edən səbəblər təkcə sosial, iqtisadi vəziyyət deyil. Ömür boyu bu problemlə yaşayan ermənilər bu vəziyyətə bundan sonra da dözə bilərdilər. Onları narahat edən, yuxularını ərşə çəkən Dağlıq Qarabağ münaqişəsinin hazırkı mərhələsidir. Artıq erməni cəmiyyəti Qarabağ münaqişəsində aralıq mövqedən çıxıb açıq seçimə keçiblər: “Münaqişə dayandırılsın!”, “Bizim övladlarımız Qarabağda ölür”, “Burada xoşbəxt ola bilmərik, çünki Qarabağ günahsız insanların qanı axıdılan Azərbaycan ərazisidir” və digər oxşar fikirlər.

Erməni xalqı Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçə biləcəyindən narahatdır. Çünki azğın erməni hakimiyyətindən fərqli olaraq, cəmiyyət bilir ki, Azərbaycan və Ermənistan orduları arasındakı nisbət bütün əmsallar üzrə müqayisə olunmayacaq qədər fərqlidir – istər maddi-texniki təminat olsun, istər döyüş qabiliyyəti, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından. Bu mənada, vurulacaq zərbəni gözə alan ermənilər baş nazir Nikol Paşinyandan münaqişənin diplomatik yolla həllini təkidlə tələb edirlər.

Hərbçi sağ xidmət etməlidir, öldünsə, yoxsan!

Erməni cəmiyyətinin narazılığının digər səbəbi Ermənistan hökumətinin və ordu rəhbərliyinin hərbi qulluqçulara laqeyd münasibət göstərməsidir. Ölülər onlar üçün əhəmiyyət daşımır, öldünsə, yoxsan! Paşinyan hökuməti həm cəbhədə baş verənləri, həm də dinc dövrdə ölmüş hərbçiləri görməzdən gəlir. Orduda pul qarşılığında xidmət edən muzdlular onsuz da, qanlarını əvvəldən satmışlardır, bəs erməni hərbçisi? Ölən erməni hərbçilərinin valideynləri övladlarını yer üstündə axtararkən, Paşinyan onları əzəli Azərbaycan torpaqlarının dərin qatlarına gömür. Hərbi xidmətdən yayınmalar və qaçqınlıq səviyyəsinin artmasına görə ordu sıralarını Yaxın Şərqdən muzdlu döyüşçülər və terrorçular gətirməklə artıran Ermənistanı “Nezavisimaya qazeta” görməzdən gəlsə də, bu, Azərbaycanı narahat etmir. Çünki ağlı başında olan oxucu etibarlı mənbə və tutarlı faktları olmayan yazını ildırım sürətilə tərk edir.

Onu da deyək ki, canlı qüvvə itkilərini gizlətməklə cəmiyyəti aldadan Paşinyan indi də məzuniyyət adı ilə özünü gizlədir. Ölkədə hər an daxili ixtilafın, cəbhədə gərginliyin ola biləcəyini görüb hücrə künclərinə çəkilən Paşinyan prosesin gedişatını izləyir. Onun məzuniyyətinin sentyabrın 5-də bitəcəyini deyən Paşinyanın müavini Tiqran Avinqyan vəziyyəti rəisinə çatdırmaqla olanlara göz bağlayıb, olacaqları pərdələyir.

Ermənistan hakimiyyəti üçün təkcə ölü hərbçinin qanı batmır, elə canı da bir mahiyyət daşımır. Belə olmasaydı, Rəsmi Bakının iki erməni əsir – Karen Kazaryan və Arayik Kazaryanın işğal altında olan Kəlbəcərə öz ata-babalarının məzarlarını ziyarət etməyə gedərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə hazır olmasına eyni qədər hazır olardılar. Erməni tərəfi hər dəfə müxtəlif “əsas”lar gətirərək konstruktiv mövqedən imtina ediblər.

Rəsmi İrəvanın belə təkliflərdən imtinasının, ölən hərbi qulluqçuların davamlı gizlədilməsinin, orduda baş alan özbaşınalığın Ermənistanda yaxın gələcəkdə ciddi qarşıdurmalar yaradacağına və siyasi-iqtisadi böhranın daha da dərinləşəcəyinə zəmin yaratdığı şübhəsizdir.

Xatırladaq ki, dəyişdirilməsi təklif edilən Karen Kazaryan 2018-ci il iyulun 15-də Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu ilə Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar sahədən keçərək, Qazax rayonunun Kəmərli kəndi istiqamətindən ölkəmizin ərazisinə daxil olub Qazax şəhərində odlu silahdan, döyüş sursatlarından, partlayıcı maddələrdən və partladıcı qurğulardan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına real təhlükə yaradaraq terror törədib.

K.Kazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində təxminən 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün, 15 iyul 2018-ci il tarixində səhər saat 07:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin “Balakənd” adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə və sifarişlə, iki və daha çox şəxsi, terrorçuluqla əlaqədar və milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmə cinayətlərinin törədilməsinə cəhd edib.

20 yaşlı əsgər Arayik Kazaryan isə işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birində qulluq edərkən məruz qaldığı zorakılıqlardan, qeyri-insani rəftardan bezərək 2019-cu il avqustun 12-si, saat 12:00 radələrində mövqelərimiz tərəfə keçib. 

0
mediapost.az