Paşinyanı tez-tez Qarabağda görünməyə vadar edən səbəblər... - ŞƏRH

SİYASƏT
09:41 / 12.09.2020
755

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunan ərazilərinə səfəri, onun xanımının avtomatla şou nümayiş etdirməsi, hətta övladlarının hərbi xidmətini işğal edilən ərazilərimizdə başa vurması göstərir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Düşünürəm ki, bu fakt Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin növbəti təsdiqidir. Paşinyanın bu davranışlarının sülhlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Əksinə, Ermənistanın bu addımları yeni hərbi münaqişənincanlandırmaq, ola bilsin ki, yeni ərazilər tutmaq istəyindən irəli gəlir.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Patiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan Baş naziri Nikol Paşinyanın son dövrlər mütəmadi olaraq Dağlıq Qarabağa səfər etməsi, burada işğalçı erməni hərbçiləri ilə müzakirələr aparmasını şərh edərkən deyib.

Millət vəkili hesab edir ki, Paşinyanın Azərbaycanın işğal olunan ərazilərə səfərlərinin bir neçə səbəbi ola bilər. Onun fikrincə, hazırda Paşinyanın çəkindiyi əsasən “Qarabağ klanı” adlandırılan qüvvədir: “Paşinyan məhz bu klandan, onun başında duran Koçariyan-Sərqsiyandan çəkinir. Bu səbəbdən də erməni ictimaiyyətinə Dağlıq Qarabağ məsələsi ilə bilavasitə özüm məşğul oluram mesajını verməyə, şou göstərməyə çalışır. Paşinyanın Qarabağ səfəri həm daxili, həm də xarici siyasətlə əlaqəlidir”.

Asim Mollazadə bildirib ki, əslində Ermənistan dünyaya nümayiş etdirir ki, onlar heç bir danışıqlara, dialoqa hazırlaşmır: “Ermənistan sülh istəmir, işğal faktını nümayiş etdirir və göstərir ki, bu işğaldan vaz keçməyəcək. Öz siyasətini danışıqlar vasitəsilə deyil, hərbi yollarla davam etdirəcək. Rusiyadan külli miqdarda İran vasitəsilə silah-sursat alması bunun növbəti təsdiqidir”.

Deputat son günlər bir sıra mütəxəssislərin “sentyabr-oktyabr aylarında hərbi əməliyyatlar başlaya bilər” proqnozunu da qiymətləndirib: “Buna getsələr sarsıdıcı zərbə alacaqlar. Bunu bilirlər və həm də ehtiyatlar. Odur ki, hələlik şoular vasitəsilə siyasətini həyata keçirir”.

0