SİYASƏT
15:43 / 11.06.2021
1119

Qarabağda yenidən müharibə proqnozu - Bu, kimə lazımdır?

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət daha da artır. Nikol Paşinyanın əleyhdarları mövcud hakimiyyəti tarixin arxivinə qovuşdurmaq üçün bütün variantlardan yararlanmağa çalışır. Xüsusilə, Qarabağ məsələsi Paşinyan əleyhdarlarının əlində əsas arqumentdir. Hətta bəzi namizədlər hakimiyyətə gəldikdən sonra Qarabağda yenidən müharibəyə başlayacaqları barədə açıqlamalar verirlər. Nümunə kimi “Evimiz-Ermənistan” partiyasından Baş nazir postuna namizəd Tiqran Urixanyanın bəyanatını göstərmək olar. 

“Ermənistan ərazisini qanunsuz olaraq işğal edənlərə qarşı əməliyyat keçirəcəyik. Gorusda yerləşən Rusiya hərbi bazasının rus hərbçiləri də bu əməliyyata qoşulacaq. Həmçinin bu əməliyyatda Rusiya Federasiyası Silahlı Qüvvələrinin bütün ordu hissələri iştirak edəcək”, - deyə Urixanyan bildirib. 

O, Rusiya ordusunun münaqişəyə cəlb edilməsini İrəvanla Moskva arasında müvafiq ikitərəfli razılaşmanın olması ilə əsaslandırıb.

Siyasi analitik Azər Rəşidoğlu HİT.Az-a bildirib ki, Urixanyanın fikirləri sadəcə seçkidə xal qazanmağa hesablanıb. 

“Qarabağda yenidən müharibənin başlaması hələ ki, real deyil. Əvvəla, Ermənistanın buna hərbi potensialı çatmır. Azərbaycan Ordusu İkinci Qarabağ savaşında Ermənistan ordusuna sarsıcıdı zərbə vurub. İkincisi, böyük güclər, xüsusilə, Rusiya hələ ki, bunu istəmir. Sadəcə, Kreml Azərbaycandan hansısa güzəştlər gedilməsini istəyə bilər, bu, baş verməyəcəyi təqdirdə yeni eskalasiyanın başlayacağını düşünmək olar. Lakin bu, az inandırıcıdır”, - deyə siyasi analitik əlavə edib.

Azər Rəşidoğlunun fikrincə, Ermənistanda keçiriləcək seçkilərdə ikinci tur ola bilər. 

“Təbii ki, bu, Moskvanın müdaxiləsi baş tutacaq. Burada məqsəd, əlbəttə ki, siyasi alverə nail olmaqdır. Geniş hərbi əməliyyatların baş verəcəyi isə bu gün üçün real görünmür”, - deyə müsahibimiz vurğulayıb.

VÜQAR

0