Qarabağdakı erməni seperatizmi çox yaşamayacaq!

SİYASƏT
15:45 / 26.12.2022
1691

Sahib Kərimli

Rusiya Ermənistan ərazisində  ermənilərin xəstə ideologiyalarını istismar edib, Azərbaycan türklərini vətənindən didərgin saldı.

Azərbaycan ərazisində yaşayan erməniləri əlavə olaraq seperatik fəaliyyətə cəlb edib, Qarabağda müharibə çıxardı. 

Yekun olaraq, Rusiya Ermənistanı Azərbaycanla müharibəyə yönəltdi, ərazilərimiz işğal edildi.

Dünya dəyişdi, tarixi şərait yetişdi, Azərbaycan Ordusu gücləndi, Rusiya dəyişməyə məcbur qaldı, Türkiyə gücləndi, Rusiya geosiyasi nüfuz dairələrindəki payını bölüşməyə məcbur qaldı,  Azərbaycan dövləti tarixi şəraiti dəyərləndirdi, cəmiyyətimiz  Vətən müharibəsinə hazırlandı, Rusiya müvəqqəti kənara çəkildi və biz Ermənistana da, erməni millətçilərinə də dünyanın neçə bucaq olduğunu göstərdik. 

Rusiya  Cənubi Qafqazdakı geosiyasi səhmlərinin bir hissəsini itirib. Yerdə qalan səhmlərinin hesabına militarizmi yürüdə bilməz. Ukrayna müharibəsi gedə-gedə bu, mümkünsüzdür. 

Rusiya yeni növ geosiyasi iştirakçılıqla məşğuldur. Vardanyan üzərindən aparılan siyasət budur. İş dünyası, siyasət və vətəndaş cəmiyyəti üzərindən separatizmin üstü bəzədilir. Bu, yeni dünya düzənindəki hibrid müharibələrin tərkib hissəsidir. 

Hibrid müharibənin ordular arasında, kəşfiyyatlar arasında, kiber məkanlar arasında, vətəndaş cəmiyyətləri arasında və s -lər arasında aparılan növləri var.

Azərbaycan hibrid müharibənin ordular arasındakı savaşının qalibidir. Vətən müharibəsinin qalibidir. Amma hibrid geosiyasi müharibə davam edir. 

Ermənistan dövləti ordu savaşında bizə məğlub oldu. Rusiya birinci müharibədəki kimi ordusunu qoşmadı. İkinci Qarabağ müharibəsində silah və bütün növ kəşfiyyat dəstəyini göstərdi, mütəxəssis verdi, amma silahlı qüvvələri kənarda durdu. 

Məğlub olan Ermənistan Qarabağda yoxdur.

Qarabağda sülhməramlı adıyla Rusiya ordusu və Vardanyan adıyla Rusiyanın sivil geosiyasi iştirakçılığı var. Qarabağdakı Rusiya ordusu Azərbaycan ordusuna və ərazilərinə təhdid yaradacaq militarist gücə sahib deyil. 

Rusiyanın əsas gücü Vardanyanın başına topladığı vətəndaş cəmiyyətidir. 

Azərbaycan və Rusiya arasındakı geosiyasi savaş indi vətəndaş cəmiyyətləri arasında aparılır. 

Ermənistanla əlaqəni bizim vətəndaş cəmiyyəti sivil metodla və haqlı tələblə  kəsib. Qarabağdakı ermənilərin vətəndaş cəmiyyəti də buna sivil etiraz edir. Rusiyanın Vardanyan vasitəsiylə qurduğu vətəndaş cəmiyyətindən gedir söhbət.

Yeni mərhələdir. 

Rusiyanın Ermənistanın daxili siyasətinə təsir etmək üçün bu "vətəndaş cəmiyyəti" "silahından" istifadə etmək planları var. Hesab edirəm ki, bu, bizim lehimizədir. Proses getdikcə Ermənistan Qarabağ ermənilərinin onlara yük olduğunu tam anlayacaq və bu yükdən xilas olmağa yönələcək.

Azərbaycanla və Türkiyə ilə geosiyasi rəqabətdə bu kartı oynatmağa başlayan Rusiyaya, Azərbaycanın adekvat mexanizmlərlə qarşılıq verməyi, özünün pozitiv nəticələrini yaradacaq. 

Azərbaycanın dövlət strukturları ekoloji monitorinqə buraxılacaq. Daha sonra digər dövlət qurumları da bu tipli monitorinqlər edəcək.

Sərsəng su anbarı da daxil bütün resursların Qarabağ iqtisadi rayonunda bərabər və ədalətli şəkildə istismarı təmin ediləcək. 

Azərbaycan dövlətinin mövqeyi o qədər güclüdür ki, vətəndaş cəmiyyətləri arasındakı savaşda da biz güclüyük. 

Laçın-Xankəndi yolundakı aksiyanı anlamayanlar və anlamaq istəməyənlər var. 

Bilsinlər ki, yarısı Xankəndinə, yarısı da Laçına baxan, parçalanmış və sistemli olmayan, peşəkarlığı yüksək qiymətləndirilməyən vətəndaş cəmiyyətimizin 200 nəfəri, Rusiya dövlətinin və erməni milyarderinin pullarıyla yaradılan 20 minlik erməni vətəndaş cəmiyyətindən daha güclüdür və daha təsirli işlər görə bilir. 

Qarabağdakı erməni seperatizmi çox yaşamayacaq!

Xankəndi Azərbaycandır!

 

0