Ceyhun Bayramov: \"Onlayn diplomatiya sülh müqaviləsi üzrə danışıqlarda səmərəli üsul deyil”

14:01 / 28.02.2023
515

“Ermənistan danışıqlar masasına nə qədər tez qayıtsa, sülh prosesi üçün bir o qədər yaxşı olar”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, o, rusiyalı həmkarını sülh müqaviləsinin imzalanması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi barədə məlumatlandırıb:

“Məlum olduğu kimi, Ermənistan danışıqların əvvəlindən mütəmadi olaraq sülh müqaviləsinin imzalanmasına mane olurdu. Bu proses çərçivəsində Ermənistan tərəfinin daim yaratdığı müxtəlif maneələri müşahidə etdik. O, ilkin mərhələdə bəzi ideyalar ortaya atmış, bu müqaviləyə çərçivə sənədi xarakteri verməyə, danışıqların mahiyyətindən çıxmağa çalışırdı. Ermənistan tərəfi hətta Rusiyada sülh müqaviləsinin müzakirəsində iştirakdan belə imtina etmişdi”.

“Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır”, deyə nazir bildirib.

Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub: “Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”.

Nazir qeyd edib ki, Ermənistan paralel olaraq yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda bu məsələ ilə bağlı danışıqlardan imtina edir: “Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.

“Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlarda onlayn diplomatiyanı ən səmərəli üsul hesab etmir”, deyə Ceyhun Bayramov qeyd edib.

 

0