Moskvadakı üçtərəfli görüşdən gözləntilər nələrdir? - ŞƏRH

SİYASƏT
12:10 / 25.05.2023
1101

Xəbər verdiyimiz kimi, bu gün Moskvada növbəti üçtərəfli görüş baş tutacaq.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Liderlərin görüşdə sülh danışıqlarını müzakirə edəcəyi ehtimal olunur.

Ümumiyyətlə, Moskva görüşündən əsas gözləntilər nələrdir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçiriləcək növbəti üçtərəfli görüş olduqca gərgin, bir o qədər də maraqlı olacaq:

Türkiyə seçim qarşısında... - AKP və CHP arasında ağır rəqabət başladı...

"Ümumiyyətlə, görüş haqda danışmadan öncə onu qeyd edim ki, may ayı diplomatik danışıqlar baxımından olduqca aktiv ay oldu. Mayın birinci yarısında xarici işlər nazirləri, ardınca Azərbaycan və Ermənistan liderləri əvvəlcə Vaşinqtonda, sonra isə Brüsseldə danışıqlar apardı. Kifayət qədər konstuktiv və məhsuldar danışıqların olduğunu demək olar. Hətta mən deyərdim ki, qeyd etdiyim görüşlər zamanı tərəflər bir çox məsələdə ortaq məxrəcə gəldi. Məhz bunun nəticəsidir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatını səsləndirdi. Bugünkü Moskva görüşü barədə isə deyə bilərəm ki, görüş mahiyyət etibarilə, Vaşinqton və Brüssel görüşlərinin davamı xarakteri daşıyır. Başqa cür desək, danışıqlar prosesinə qoşulmaq növbəsi Moskvaya çatıb".

Politoloq qeyd edib ki, Mosvka görüşündə müsbət nəticələr ola bilər:

"Lakin risk faktoru da var. Məsələn, müsbət hal kimi onu demək olar ki, bu gün Moskvada iki sənədin imzalanması gözlənilir. Birincisi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqında sənəddir. Prinsip etibarilə, bu sənədlə bağlı danışıqlar bir neçə gündür gedir. Mayın 23-dən Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Moskvadadır. Regionda iqtisadi-nəqliyyat əlaqələrinin bərpa edilməsi istiqamətində danışıqlar aparılıb. Yekunda nə olacağı hələ bilinməsə də bu istiqamətdə bir sənədin imzalanması gözlənilir. 

İkincisi, xarici işlər nazirləri səviyyəsində hazırlanan sənəddir. Bu sənədin detalları təəssüf ki, çox bilinmir. Lakin əsas mətnin hazır olduğu bəllidir. Hesab edirəm ki, İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin beşinci birgə bəyanatı fonunda ikinci bir sənəd də imzalana bilər".

Turan Rzayev hesab edir ki, bu görüşünün riskli tərəfləri də var:

"Düzdür, bir daha qeyd edirəm ki, bəzi sənədlərin imzalanması mümkündür. Lakin Kreml bunu sırf məcburiyyətdən edəcək. Onun xaricində Rusiya indiki məqamda nə sülhün əldə edilməsini, nə də münaqişənin bitməsini istəmir.

Rusiya indiki halda proseslərin 1988-ci il variantına qayıtmasını istəyir. Təsadüfi deyil ki, görüş öncəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” dedi. Bu, bizim üçün müsbət bir hal olsa da, Kreml bu bəyanatdan heç razı qalmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Paşinyanın sözügedən açıqlamasına verdiyi “özünəməxsus” reaksiya ilə də görə bilərik. Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Bu, həm də onu göstərir ki, Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib. Bax, bu narahatlıq doğuran əsas məqamdır".

Pərviz

0