Azərbaycanın türk dünyasındakı rolu: "İnteqrasiya prosesinə böyük töhfə verir"

SİYASƏT
17:57 / 20.02.2024
308

"Türk dövlətləri sistemində Azərbaycanın mövqeyi və rolu çox əhəmiyyətlidir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan həm iqtisadi potensialına, həm mədəni-tarixi keçmişinə, həm də coğrafi mövqeyinə görə türkdilli ölkələr arasında olduqca önəmli mövqe tutur:

"Məsələn, Mərkəzi Asiya ölkələri olan Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan eyni coğrafiyanı əhatə etdiklərinə görə aralarında böyük fərqdən danışmaq mümkün deyil. Türkiyə isə NATO-nun üzvü olan bir ölkə olaraq xeyli dərəcədə fərqli xüsusiyyətlərə malikdir. 

Amma Azərbaycan təbii sərvətlər, iqtisadiyyat, coğrafi və siyasi mövqeyi, eləcə də mədəni-tarixi keçmişi nöqteyi nəzərindən həm Mərkəzi Asiya ölkələrindən, həm də Türkiyədən fərqli mövqeyə malikdir.

Bir vaxtlar türk coğrafiyasına arzuolunmaz region kimi baxan dövlətlərin və mərkəzlərin nəzərində türk dünyasının inteqrasiyası çox qorxulu təzahür kimi nəzərdən keçirilirdi. Onlar, türk dünyasının birləşəcəyindən qorxurdular, amma bunun qarşısını ala bilmədilər".

344212

Ekspert vurğulayıb ki, artıq türk inteqrasiyası reallığa çevrilib:

"Bu gün Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin inteqrasiya prosesi sürətlə gedir. Bu, Avrasiya məkanında ən potensiallı inteqrasiya modelinə çevrilib. Türkiyə və Mərkəzi Asiyanın coğrafi və siyasi potensiallarının birləşdirilməsində isə Azərbaycan önəmli bir körpü rolunu oynayır.

Bu gün Türkiyə və Mərkəzi Asiyanın Azərbaycan vasitəsilə birləşdirilməsi həm Şərqi Asiya, həm də Avropa insanını birləşdirməkdə olduqca önəmli rola malikdir". 

Aydın Quliyev diqqətə çatdırıb ki, bu gün ölkəmizin sahib olduğu imkanlar türk dövlətlərinin inteqrasiya prosesinə çox böyük töhfələr verir:

"Əgər Azərbaycan olmasa, ümumtürk inteqrasiyasından danışmaq mümkün olmaz. Ölkəmiz olmasa, sadəcə Mərkəzi Asiyadakı türk dövlətlərinin inteqrasiyasından söhbət gedə bilər. Həmçinin, Türkiyəsiz də ümumtürk inteqrasiyasından danışmaq olmaz". 

Pərviz

0