Fransız Polineziyası hakim partiyasının rəhbərliyi və parlament üzvləri Azərbaycana səfərə gəldi - FOTO

09:16 / 29.05.2024
279

Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin mayın 29-da Azərbaycana səfəri başlayıb.

HİT.az xəbər verir ki, dördgünlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir. Bu xüsusda, Milli Məclis, eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.

0