“122 saylı Xankəndi seçki dairəsinin 15 saylı seçki məntəqəsi yeni yaradılıb. Seçki Məntəqəsi Kərkicahan qəsəbəsində yerləşir”.
HİT.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Seçki Dairəsinin 15 saylı Məntəqə Seçki Komissiyasının sədri Qəzənfər Əliyev deyib.
O bildirib ki, seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərin rahat səs verməsi üçün bütün şərait yaradılıb. Dairə Seçki Komissiyası ilə mütəmadi əlaqə saxlanılır.
“Seçki Məntəqəmiz Xankəndi şəhərinin bir hissəsini və Kərkicahan qəsəbəsini əhatə edir. Məntəqə Seçki Komissiyası üzvlərinin treninqlərdə iştirakı təmin olunur. Seçici siyahısı ilə bağlı son dəqiqləşmələr aparılır. Təbii ki, bizim məntəqə yeni yaradıldığı üçün və işğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün məsuliyyətimiz ikiqatdır. Eyni zamanda qürurvericidir ki, 30 ildən artıq müddətdən sonra azad edilmiş Xankəndidə Azərbaycanın Milli Məclisinə seçkilər baş tutur”, - deyə Q.Əliyev əlavə edib.