Siyasi ekspert: "Azərbaycan-İtaliya münasibətləri strateji xarakter alıb"

SİYASƏT
09:59 / 09.09.2024
355

"İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycana ən yaxın və artıq strateji xarakter almış tərəfdaşlarından biridir".

Bu sözləri siyasi ekspert Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, İtaliya-Azərbaycan münasibətləri müstəqilliyimizi əldə etdiyimiz dövrdən də xeyli əvvəl başlayıb:

"Hələ 1903-1906-cı illərdə Bakıdan Batuma neft kəmərinin çəkilməsində italiyalı mütəxəssislər fəal iştirak ediblər. Hətta bu neft kəmərinin işə salınması və fəaliyyət göstərməsi ilə bağlı İtaliya şirkəti də yaradılmışdı. 

Həmçinin, XX əsrin axırlarında Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin həll olunması prosesində də yaxından və ilkin iştirak edən ölkələrdən biri məhz İtaliya olmuşdu. ATƏT-ın Mins qrupunun ilk sədrlərindən birinin italiyalı diplomat olması da təsadüfi deyil. Yəni İtaliya həqiqətən də bu məsələdə ölkəmizin maraqlarından çıxış edir". 

357717

Ekspert qeyd edib ki, Azərbaycanda hakimiyyət möhkəmləndikcə və ölkədə stabillik yarandıqca İtaliya ilə əlaqələrdə də yeni şərait yarandı:

"Bu gün Azərbaycanın iqtisadiyyatında İtaliyanın özünün çəkisi var. İşğaldan azad olunmuş ərazilərimizdə İtaliya şirkətlərinin iştirakı arzuolunandır. Bu da böyük bir proses kimi özünü göstərməyə başlayıb".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri İtaliyadır:

"İki ölkə arasındakı illik ticarət dövriyyəsi də 16 milyard dollara yaxındır. Əlbəttə ki, bu da çox ciddi rəqəmdir. Bu, o deməkdir ki, İtaliya ölkəmizin çox mühüm ticarət və enerji tərəfdaşına çevrilib. 

Bütün beynəlxalq müstəvidələrdə İtaliya Azərbaycanın mənafelərini müdafiə edir. Həmçinin, iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq var. Ümumiyyətlə, İtaliya-Azərbaycan münasibətləri artıq həqiqətən strateji xarakter alıb. Tərəflər arasında münasibətlərin böyük inkişaf perspektivləri var". 

Pərviz

0