Bolton qalmaqallı kitabında Bakı səfərindən nə yazıb?

09:27 / 27.06.2020
2561

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisinin qalmaqallı kitabında Azərbaycana səfəri haqda sensasiya gözləməyin-çünki Prezident Əliyev qonşu dövlətlərlə münasibətdə həmişə açıq siyasətə üstünlük verib...

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun yeni dərc olunan qalmaqallı kitabı ən çox müzakirə olunan mövzulardan biridir. 2018-ci ilin martında Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi təyin edilən Bolton 2019-cu ilin sentyabrında “prezidentlə ciddi fikir ayrılığı səbəbindən” işdən azad edilib.

Bolton işdən azad edildikdən sonra bekar oturmadı və yazdığı kitabla yenidən diqqəti Ağ Ev rəhbərinin ziddiyyətli siyasətinə yönəldə bildi.

ABŞ prezidenti buna cavab olaraq Boltonu sərt şəkildə tənqid edir, onu “insanları bombalamağı təklif edən dəli manyak” adlandırır.

Ağ Evin rəhbəri sabiq müşavirinin öz işini bacarmadığını, sərrast ağıla malik olmadığını deyib. “Mən hələ onun bir dəfə də olsun, güldüyünü görməmişəm. Hətta bunu onun özündən də soruşdum. Əslində bu xüsusiyyət Boltonun necə insan olduğundan xəbər verir”, deyə, Tramp bildirib. “Tvitter” hesabında da Boltonu hədəf alan ABŞ prezidenti “Mən vaxtilə Senatda təyinatı təsdiqlənməyən bir adama şans verdim. Çünki hamı onu sarsaq adlandırır və ondan acığı gəlirdi. Bu adam əsl gopçu və səriştəsizdir” yazıb.

Boltonun gülməməsi barədə Trampın dediklərinin nə dərəcədə həqiqət olub- olmadığını onun şəkillərinə baxaraq qiymət vermək olar. Amma indi məsələ Boltonun gülüb-gülməməsi deyil. Diqqəti ABŞ prezidentinin “sarsaq” dediyi adamın 2018-ci ilin oktyabrında Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana xüsusi missisiya ilə baş tutan səfərinə çəkmək istəyirik.

Məlumdur ki, Bolton həmin qalmaqallı kitabında Rusiya prezidenti Vladimir Putinlə İran məsələsinin müzakirəsi haqda yazıb. Sirr deyil ki, Rusiya ilə İran tərəfdaşdılar və Suriyada da birgə hərəkət edirlər. Ancaq Boltona yazdıqlarından aydın olub ki, Putinin İrana etibarı yoxmuş. Məsələn, Bolton kitabında iddia edir ki, Putin ona deyib: “Trampa çatdırın ki, iranlıların Suriyada varlığından Rusiya heç nə qazanmır. İranın Suriyada fərqli maraqları var. İran Livanda şiə qrupları dəstəkləməklə bizim maraqlarla tərs düşür.
İranın mövqeyi rusların Əsədə verdiyi dəstəyə də problemlər yaradır. Biz Suriyada xaos istəmirik. İranın isə Suriyada geniş maraqları var. Bu məsələni mən İsrailin baş naziri Benyamin Netanyahu ilə də müzakirə etmişəm”.

Putin Boltonla söhbətdə Ukrayna mövzusuna da toxunub. Boltonun sözlərinə görə, əgər Moskvadakı danışıqlarda Suriya mövzusunda iki tərəf nəsə ortaq nöqtələr tapa bilirdilərsə və bunlardan biri İŞİD-ə qarşı mübarizə idisə, Ukrayna mövzusunda tam əks fikirdə olublar. Buna baxmayaraq, Putinin Boltona Krımla bağlı söylədiyi fikir diqqəti çəkir. Putin ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ona vədini xatırladıb: “Barak Obama 2014-cü ildə mənə vəd etmişdi ki, Rusiya Krımla kifayətlənsə, münaqişəyə son qoyacaq və Amerika mövcud vəziyyəti qəbul edəcək. Ancaq Barak Obama vədini yerinə yetirmədi və indiki böhranlı duruma gəlib çıxdıq”. Rusiya tərəfi hələ ki, Boltonun bu sensasion, daha dəqiqi “aravuran” iddiasına rəsmi münasibət bildirməyib.

Yada salaq ki, Putinlə görüşdən sonra 2018-ci ilin oktyabr ayının 24-də Bolton Azərbaycan paytaxtına gəldi. Səfər ərəfəsi Birləşmiş Ştatların nüfuzlu “The Washington Times” qəzeti “Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqalə dərc etmişdi.

Məqalədə yazılırdı ki, ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib. “Bolton geopolitik cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir”. Müəllif qeyd edirdi ki, prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib. Bolton isə səfər ərəfəsində “Tvitter”də yazırdı ki, Bakıda danışıqlarda əsas məqsədi "bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın təşəbbüslərini təşviq etməkdir".

"Ölkənizə ilk səfərim zamanı Azərbaycan prezidenti və xarici işlər naziri ilə mühüm məsələlər üzrə ekstensiv danışıqlar apardım". Bolton oktyabrın 24-də Bakıya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında belə demişdi. Danışıqların mövzusu regional problemlər, Qarabağ münaqişəsi, ABŞ-ın İranın terrorizmə dəstəyinin və nüvə silahı istehsalının qarşısını almaq səyləri olub.

“Həmçinin, Cənub Qaz Dəhlizi kimi iqtisadi layihələrə toxunulub” deyə, Bolton bildirmişdi.

O qeyd etmişdi ki, Vaşinqton bu və digər məsələlər, o cümlədən terrorizmə qarşı tədbirlərdə və narkotiklərin yayılmasına, traffikinqə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə üzrə fəal əməkdaşlığa ümid edir.

Bolton Vaşinqtona qayıdandan sonra bu səfər haqda daha bir maraqlı açıqlama vermişdi. Regiona səfəri haqda danışan Bolton “ABŞ administrasiyası istəyir ki, İranın xam neftinin ixracına qarşı sanksiyalar Tehranı zəiflətsin, ancaq o, öz müttəfiqlərinə ziyan vurmaq istəmir” deyə, bildirmişdi. “Məqsədimiz İran neftinin ixracını sıfıra endirmək üçün maksimum təzyiq göstərməkdir. Başa düşürük ki, İrana bitişik olan bəzi ölkələr- bu yaxınlarda onlara səfər etdim- həmin nefti alan digər ölkələr bundan dərhal imtina edə bilməzlər” deyə, Bolton əlavə etmişdi. Aydındır ki, “İranla bitişik ölkələr” dedikdə Bolton əsasən, Azərbaycanı nəzərdə tuturdu.

Boltonun səfəri nəyisə dəyişdimi? Onun qalmaqallı kitabında Bakı ilə bağlı da hansısas sensasiya gözləməyə dəyərmi? İranla bağlı səfərində Bakıdan əliboş getdiyini sübut edən bir neçə faktlar var. Əvvəla, Azərbaycan rəhbərinin həm bağlı qapılar, həm digər formatda danışıqlarda açıq mövqeyə üstünlük verir və bu mənada İran da istisna deyil. Bu, illərdir təsdiq olunmuş faktdır.
Azərbaycan prezidenti heç vaxt ölkə ərazisinin başqa bir dövlətə qarşı istifadə edilməyəcəyini də birmənalı bəyan edib. Nəhayət, İlham Əliyev mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın qonşu dövlətlərlə münasibətdə (Ermənistan məlum səbəbdən istisnadır) həmişə açıq siyasətə üstünlük verib. Bu mənada İran xüsusi yer tutur. İranın özünün dünya və qonşuları ilə mürəkkəb münasibətlərinə baxmayaraq, bəzi istisnalarla Tehran Azərbaycanla həmişə korrekt davranmağa çalışıb. Təsadüfi deyil ki, Boltonun İranla bağlı səfərindən sonra İran prezidenti və İran İslam Keşikçiləri Korpusunun komandanı Bakıya səfər etmişdilər. Bu mənada Boltonun kitabında onun Bakı səfəri haqda sensasiya gözləməyə dəyməz. Əgər Bolton Trampın iddia etdiyi kimi, “yalançı və sarsaq” deyilsə... ​

Nazim Sabiroğlu 



0
Musavat.com