Çində manqrov meşələrinin bərpası sahilyanı ekosistemlərə müsbət təsir göstərib. Son 22 ildə bu meşələrin ərazisi 166 faiz genişlənib, burada qeydə alınan quş növlərinin sayı isə 148-dən 397-yə yüksəlib.
HİT.az xəbər verir ki, bu nəticələr Ninqbo Universitetinin alimlərinin apardığı araşdırmada əksini tapıb.
Tədqiqatçılar Çinin beş sahilyanı əyalətində, eləcə də Honkonq və Makaoda manqrov meşələrinin vəziyyətini araşdırıblar. 1998-2020-ci illəri əhatə edən tədqiqat zamanı 13 mindən çox peyk görüntüsü təhlil edilib. Quş növləri ilə bağlı məlumatlar isə Qlobal Biomüxtəliflik İnformasiya Fondundan əldə olunub.
Araşdırmaya görə, 2000-ci ildə manqrov meşələrinin geniş şəkildə məhv edilməsindən sonra Çin onların qorunması və bərpası üçün xüsusi ekoloji plan qəbul edib. Nəticədə 1998-2020-ci illərdə meşələrin ümumi sahəsi təxminən 28 min hektara çatıb. Ən sürətli genişlənmə 2003-2008-ci illərdə qeydə alınıb. Həmin beş il ərzində manqrovların sahəsi 4558 hektar artıb.
Meşələrin bərpası quşların qidalanma və yuvalama imkanlarını da yaxşılaşdırıb. Alimlər müəyyən ediblər ki, quş müxtəlifliyinin artmasına təkcə meşələrin sahəsinin genişlənməsi deyil, sahilyanı sularda baş verən dəyişikliklər də təsir göstərib.
Manqrovların artması suyun kimyəvi tərkibinə və qida maddələrinin paylanmasına təsir edərək fitoplanktonun inkişafı üçün daha əlverişli şərait yaradıb. Bu isə balıq və krevetlərin çoxalmasına, nəticədə quşların qida ehtiyatlarının artmasına şərait yarada bilər.
Bundan başqa, sıxlaşan meşəliklər quşlar üçün əlavə istirahət və yuvalama məkanları təmin edib. Tədqiqat dövründə manqrov ərazilərində bitki örtüyünün orta sıxlığı 31 faizdən 38 faizə yüksəlib.
Alimlər həmçinin qeyd ediblər ki, bərpa prosesi nəsli kəsilmək təhlükəsi ilə üzləşən quş növlərinin sayının artmasına da müsbət təsir göstərib.
Samir


