Mütəxəssislərə görə bir çox insanın telefonla danışmaq əvəzinə mesajlaşmanı seçməsi sosiallaşmama problemi deyil, daha çox zehni ehtiyacla bağlıdır.
Hit.az xəbər verir ki, telefon zəngi zamanı eyni anda dinləmək və sürətli cavab vermək tələbi beynin daha çox yorulmasına səbəb olur, mesajlaşma isə insana düşünmək və fikrini daha aydın ifadə etmək imkanı yaradır.
Bir çox insan ekrana baxaraq eyni şeyi düşünür: “Mesaj yazsa daha yaxşı olardı...”. İlk baxışda bu davranış sosiallaşmadan uzaqlaşma kimi görünsə də, mütəxəssislər bunun daha fərqli bir izahı olduğunu bildirir.
Mütəxəssislərin fikrincə, telefonla danışmaq mesajlaşmaya nisbətən daha çətin prosesdir. Çünki insan danışıq zamanı eyni anda həm qarşı tərəfi dinləməli, həm də tez cavab verməlidir. Bu isə xüsusilə düşünərək danışmağı üstün tutan insanlarda zehni yorğunluq yarada bilər.
Psixoloq Kan Üçyıldız mesajlaşmanın insanlara daha nəzarətli ünsiyyət imkanı verdiyini bildirib:
“Mesajlaşma ani cavab vermək məcburiyyətini aradan qaldıraraq daha sağlam qərar verməyə kömək edir. Bu, ünsiyyətdən qaçmaq deyil, zehni olaraq daha təhlükəsiz hiss etmə ehtiyacıdır.”
Mütəxəssislərə görə mesajlaşma insanlara zaman qazandırır. İstifadəçi mesajı istədiyi vaxt oxuya bilir, cavab verməzdən əvvəl düşünə bilir və fikrini daha dəqiq ifadə edə bilir. Bu səbəbdən bir çox insan üçün mesajlaşma telefon danışığına nisbətən daha az yorucu ünsiyyət forması kimi qəbul edilir.
Mütəxəssislər vurğulayır ki, mesajlaşmanı seçmək ünsiyyətdən qaçmaq demək deyil. Əksinə, bu seçim insanların özünü daha rahat və zehni baxımdan daha güvəndə hiss etmə ehtiyacından qaynaqlana bilər.
Samir


