ABŞ-ın Yelloustoun Milli Parkına gələn ziyarətçilər artıq bir əsrdən çoxdur göllərin yaxınlığında eşitdikləri qeyri-adi səslərdən danışırlar. Bu səslər arı vızıltısı, zəng səsi və hətta musiqi ilə müqayisə edilir.
HİT.az xəbər verir ki, bu barədə "The Debrief" yazıb.
Çoxsaylı versiyalara baxmayaraq, bu hadisənin dəqiq səbəbi hələ də məlum deyil. Qəribə səslərin daha çox Yelloustoun və Şoşone göllərinin yaxınlığında eşidildiyi bildirilir.
Bu hadisə ilə bağlı yazılı məlumatlar hələ XIX əsrdə ortaya çıxıb. Ən ətraflı təsvirlərdən biri mühəndis Hiram Çittendenə məxsusdur. O, 1895-ci ildə Yelloustoun Milli Parkı haqqında yazdığı kitabında göllərin üzərində eşidilən qəribə, müəyyən edilməyən səslərdən bəhs edib. Onun sözlərinə görə, səslər ən çox səhərlər eşidilir və teleqraf naqillərinin cingiltisini və ya arı sürüsünün vızıltısını xatırladırdı.
Əslində isə qeyri-adi səslərlə bağlı məlumatlar Yelloustounun rəsmi olaraq milli park elan edilməsindən əvvəl də mövcud olub. 1871-ci ildə geoloq Frenk Bredli geoloji ekspedisiyada iştirak edərkən səhər sahə işləri zamanı qəribə səs eşidib. O, səsi fitlə at kişnərtisi arasında bir şeyə bənzədib. Bredlinin müşahidələrinə görə, səs tədricən güclənib.
Digər tədqiqatçılar hadisəni fərqli şəkildə təsvir ediblər. Bəzi hallarda səs uzaqdan gələn zəng, musiqi, uğultu və ya vibrasiyanı xatırladıb. Şahidlərdən biri onu qeyri-adi, “qıvrılan” vibrasiya ilə müqayisə edib.
Alim Samuel Forbes 1893-cü ildə arfa səsini xatırladan özünəməxsus zəngdən danışıb. Onun sözlərinə görə, səs əvvəlcə çox uzaqdan və zəif eşidilib, sonra tədricən güclənib və daha sonra yenidən səngiyib.
Onilliklər ərzində alimlər bu hadisə ilə bağlı bir neçə mümkün izah irəli sürüblər.
Versiyalardan biri səsləri seysmik aktivliklə əlaqələndirirdi. 1930-cu ildə "Popular Science" jurnalı qeyri-adi səslərin yer qabığının hərəkətləri ilə bağlı ola biləcəyi ehtimalını nəzərdən keçirib.
Digər hipotez isə hadisəni atmosferin xüsusiyyətləri ilə izah edir. 1937-ci ildə Yelloustoun parkının reynceri və təbiətşünası Nil Mayner səslərin dağ zirvələrindən aşağı enərək üfüqi istiqamətdə hərəkət edən hava burulğanlarından yarana biləcəyini irəli sürüb.
Lakin bu versiyaların heç biri elmi təsdiqini tapmayıb. Beləliklə, Yelloustounda səslərin yaranmasının konkret mexanizmi hələ də müəyyən edilməyib.
Yelloustoun qeyri-adi geologiyası ilə məşhurdur. Parkın ərazisində qeyzerlər, isti su mənbələri və vulkanik aktivliyin digər təzahürləri yerləşir. Parkın altında gələcəkdə yenidən aktivləşə biləcək nəhəng vulkanik sistem mövcuddur.
Bu fonda göllərin üzərində vaxtaşırı eşidilən sirli səslər xüsusilə qeyri-adi görünür. Alimlər artıq 150 ildən çoxdur bu hadisəyə rasional izah tapmağa çalışırlar, lakin hələlik birmənalı cavab yoxdur.
Samir


