Afrikanın ən aqressiv və zəhərli ilanlarından minlərləsi cəmi üç futbol meydanı böyüklüyündə olan kiçik bir adada azsaylı balıqçı icması ilə yanaşı yaşayır. Söhbət Uqandadakı Musambva adasından gedir.
HİT.az xəbər verir ki, bu barədə "BBC Wildlife Magazine" yazır.
Ada Viktoriya gölünün şimal-qərb sahilindən təxminən 10 kilometr məsafədə yerləşir. Burada qara-ağ kobralar yaşayış evlərinin içində və ətrafında sərbəst hərəkət edir. Maraqlıdır ki, bu təhlükəli ilanlarla onilliklərdir birgə yaşayılmasına baxmayaraq, adada kobra sancması nəticəsində ölüm faktı qeydə alınmayıb.
Musambvada Uqandanın cənub-şərqində yaşayan baqanda etnik qrupuna mənsub təxminən 100 balıqçı yaşayır. Onlar ilanlara ilahi varlıqlar kimi hörmət edirlər. Adada ilanlara zərər vermək qəti şəkildə qadağandır.
Balıqçılar ümumilikdə ilanlardan qorxduqlarını etiraf edirlər. Buna baxmayaraq, onların sözlərinə görə, adadakı kobralar insanlara toxunmur və onları narahat etmir.
Musambva sakinləri adada cinsi əlaqəni qadağan edən sərt qaydalara da əməl edirlər. Qadınların adaya girişinə ümumiyyətlə icazə verilmir. Bununla belə, bəzi qadın satıcılara və turistlərə adaya səfər etməyə icazə verilir.
Qara-ağ kobra Afrikadakı “əsl kobralar” arasında ən iri növ hesab olunur. Bu ilanların uzunluğu 3 metrdən çox ola bilər. Lakin Musambvada onların orta uzunluğu 1,7 metr təşkil edir.
Digər bölgələrdə qara-ağ kobra pusqu quraraq kiçik məməlilərlə, sürünənlərlə, suda-quruda yaşayanlarla və balıqlarla qidalanır. Musambva adasında isə onun qida rasionuna su quşlarının yumurtaları, balaları, yetkin quşlar, balıqlar və digər ilanlar daxildir.
Bunun səbəbi adada dünyanın ən böyük bozbaş qağayı koloniyasının yerləşməsidir.
Samir


