Vəziyyət Ukraynanın xeyrinə deyil: Moskva yeni hücuma hazırlaşır (FOTO)

DÜNYA
16:45 / 28.03.2022
1180

Zaman Rusiya-Ukrayna müharibəsinin cari mənzərəsində Rusiyanın bir neçə istiqamətdə geri oturdulmasına şahidlik edir.

Birinci: mart ayının 10-dan sonrakı gedişatda Ukrayna Kiyev ətrafındakı mühasirəni əsasən şərq və qərb istiqamətdən qismən yara bilib. Xarkovda döyüşlər davam edir, lakin vəziyyət heç də Ukraynanın xeyrinə deyil.

İkinci: Ukrayna Xerson və Mariupola açılan pəncərələrdə yeni cəbhə yarada bilib, yəni Rusiya ordusunu geri oturdub, amma hələ ki, Xerson və Mariupolun mərkəzi Rusiyanın nəzarətindədir.

Rusiya Mariupolu əldən vermək istəmir, resurslarını səfərbər edərək burada möhkəmlənir, çünki Mariupol Azov dənizinə çıxış deməkdir, Rusiya da bu dənizdən Ukraynanın əlini üzmək niyyətindədir.

Xersona gəlincə, Ukrayna qüvvələri Rusiyanın dənizdən bu əraziyə əlavə qüvvələr cəmləməməsi üçün döyüşür.

Sumıdan Kiyevə də işğal cığırı açılıb və Ukraynanın bu ərazisi dörd tərəfdən mühasirədə qalır.

Ümumilikdə Rusiya Ukraynanın şimal-şərq, şərq və cənub-şərq istiqamətindəki əsas ərazilərini əlinə keçirib və işğal üçbucağı yaradıb.

İndi Rusiya rəhbərliyi necə olursa-olsun Ukraynadan strateji fəxarət hissi ilə çıxmaq istəyir. Bu məsələdə iki versiyanın üzərinə işıq tuta bilərik:

1. Ehtimal etmək olar ki, Rusiya öz qoşunlarını komplektləşdirmək, itki sayını kompensasiya etmək üçün hərbi-strateji dincliyə çəkilib və Kiyevə yeni hücuma hazırlaşır.

Çünki Rusiyanın Kiyevi qərbdən mühasirəyə almaq əməliyyatlarına yenidən başlayacağına dair həyəcanlı məlumatlar var, amma Rusiyanın qüvvələrini birləşdirə biləcəyi sual altındadır.

2. Rusiya əlindəki ərazilərlə kifayətlənib bunların ilhaq edilməsi ilə kifayətlənə bilər. Ona görə də Rusiya Ukraynanın müqavimət gücünü hesablayıb, ən azından, hazırkı təcavüz xəritəsi ilə kifayətlənə bilər.

İki versiyadan isə ağrılı nəticə hasil olur ki, bu da Ukraynanın yekunda bölüşdürülməsi təhlükəsidir. // oxu.az

0