Xəbər verdiyimiz kimi, ötən həftə taksilərdə gediş haqqı artırıldı.
Artıq bütün taksi şirkətlərində qiymətlər birmənalı olaraq 2 manat 50 qəpikdən başlayır. Əvvəllər isə yaxın məsafələr üçün bu qiymət 1-2 manat aralığında dəyişirdi. Qiymət artımı sürücülərin ürəyincə olsa da, vətəndaşları qane etmədi. Üstəlik, sosial şəbəkələrdə yaxın zamanlarda bu rəqəmin daha da artacağı iddia olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında bildirib ki, taksi qiymətlərinin bir baza prinsipi təşkil etməsi ümumiyyətlə bu sahədə fəaliyyət göstərən şirkətlərə rentabelliyini və öz texniki bazalarını qurmaq üçün stimul verəcək:
"Mütəmadi olaraq taksilərdə gediş haqlarının az olması ilə bağlı çağırışlar var idi. Həmçinin, sürücülər və sərnişinlər arasında narazılıqlara da rast gəlirdik. Əvvəllər yaxın məsafələr üçün minimum qiymət 1 manat 20 qəpik, və ya 1 manat 50 qəpikdən başlayırdı. Bugün isə gediş haqqı minimum 2 manat 50 qəpik olunub. Amma uzaq məsafələrə gedişlərdə qiymətlər yenə də əvvəlki kimidir. Yəni bunu normal qarşılamaq olar. Məsələn, bəzi insanlar yaxın məsafələri belə piyada getmək istəmirdilər. Lakin həmin məsafəni avtobus və ya metro ilə getdikdə ictimai nəqliyyatın aktuallığı artar".
Ekspert taksilərdə gediş haqlarının yenidən arta biləcəyi iddiası ilə bağlı isə bunu deyib:
"Taksidə gediş haqqının minimum qiymətinin gələcəkdə nə qədər olacağını indidən demək mümkün deyil. Çünki bir qrup şirkətlər var ki, qiymət hədlərini özləri müəyyən edirlər. Düşünürəm ki, şirkətlər vətəndaşlar üçün nə qədər ucuz xidmət göstərsə, o qədər rahat və xoş olar".
Pərviz