Fəhlələr təsadüfən Dunayın dibindən 2200 il yaşı olan 500 dəmir külçədən ibarət xəzinə çıxarıblar. Avstriyanın İnsbruk Universitetinin tapıntını araşdıran arxeoloqları bunun Avropada tarixə qədərki dövrə aid ən böyük metal partiyası olduğunu müəyyənləşdiriblər.
HİT.az xəbər verir ki, qazıntıların nəticələri "Antiquity" jurnalında dərc olunub.
Hadisə 2019-cu ildə Avstriyanın Daynham kəndi yaxınlığında baş verib. Yerli ekskavatorçu çınqıl çıxararkən çayın dibindən paslanmış qəribə əşyalar götürüb. Qiymətli yük möcüzə nəticəsində metal qəbulu məntəqəsində əridilməyə göndərilməyib.
Alimlər tonlarla qumu əl ilə ələyərək 193 bütöv dəmir külçəsi və yüzlərlə qırıq hissə çıxarıblar. Hər bir külçənin çəkisi təxminən 4,5 kiloqram olub. Xəzinənin ümumi çəkisinin isə təxminən bir ton olduğu qiymətləndirilir.
Artefaktların eramızdan əvvəl III-II əsrlərə aid olduğu müəyyənləşdirilib. Mütəxəssislər hesab edirlər ki, söyüd yarpağı formasında olan bu dəmir parçaları sonradan başqa məmulatlara döyülərək çevrilmək üçün yarımfabrikat kimi hazırlanıb.
Tədqiqatçıların hesablamalarına görə, bu həcmdə metaldan təxminən 500 qılınc və ya 8 minə qədər mismar hazırlamaq mümkün idi.
Tədqiqatın aparıcı müəllifi Peter Trebşe bildirib ki, dəmirin emalı zamanı yaranan itkilər nəzərə alınsa belə, Daynhamda tapılan metal böyük bir döyüşçü qrupunu silahlandırmaq üçün kifayət edərdi.
Ekskavatorun vedrəsinin arxeoloji təbəqəni dağıtması səbəbindən hadisənin dəqiq şəraiti məlum deyil. Bununla belə, qayığın izlərinin olmaması və yükün nəhəng həcmi bunun suda baş vermiş nəqliyyat qəzası olduğunu göstərir.
Ehtimal olunur ki, külçələr Bavariyadan çayın aşağı axını istiqamətində daşınırdı. Həmin ərazidə iri möhkəmləndirilmiş şəhərlər və dəmir istehsalı mərkəzləri yerləşirdi.
Bu qədər böyük həcmdə metalın tək bir ticarət sövdələşməsi çərçivəsində daşınması o dövr üçün olduqca qeyri-adi hadisə sayılırdı. Qiymətli malın müqabilində alıcının qızıl, gümüş və ya hətta mal-qara verməsi lazım gəldiyi ehtimal edilir.
Samir


