Türkiyə seçkiləri: Qızğın siyasi rəqabətin yaşanacağı 7 VİLAYƏT

DÜNYA
23:58 / 27.03.2024
204

Məlum olduğu kimi, 31 martda Türkiyədə bələdiyyə seçkiləri baş tutacaq. Siyasi partiyalar arasında rəqabət hər zaman keçərli olsa da, bir çox regionlarda tarixən hansı qüvvələrin güclü olduğu, ənənəvi olaraq hansı ideoloji kəsimin harada əksəriyyəti təşkil etdiyi - kimin qalib gələcəyi öncədən rahatlıqla proqnozlaşdırılır. Əsas rəqabət isə böyük şəhərlərdə gedir.

Bununla belə, bir sıra digər vilayətlərdə siyasi rəqabətin kəskinliyi özünü seçkilərdə namizədlərin səs fərqləri arasındakı cüzi fərqlə göstərir. Məsələn, ötən seçkilərə - 2019-cu ildə keçirilən yerli seçkilərə nəzər yetirdikdə bir neçə vilayətdə 1 faizdən az səs fərqi ilə bələdiyyə sədrlərinin seçildiyi aydın olur.

İSTANBUL - səs fərqi: 0,17 faiz

2019-cu il seçkilərində Türkiyənin ən böyük vilayəti olan İstanbulda ən rəqabətli seçi yarışı müşahidə olundu. Ali Seçki Komissiyasının (YSK) məlumatına görə, seçkidə qalib gələn müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu cəmi 13 729 səs fərqi ilə ikinci yeri tutan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binali Yıldırımı geridə qoymuşdu. Beləliklə, səs nisbətləri arasındakı fərq 0,17 faiz təşkil edirdi.

AKP-nin etirazları nəticəsində YSK İstanbulda seçkilərin (yalnız böyükşəhər bələdiyyəsinin sədrliyi üçün) təkrarlanmasına qərar verib. Qərara səbəb kimi “məntəqə seçki komissiyasının sədri və üzvlərinin dövlət məmuru olması tələbinə əməl edilməməsi” göstərilib. 11 üzvündən 7-si qərarı dəstəklədiyi halda, ovaxtkı YSK sədri Sadi Güven də daxil olmaqla 4 üzv qərarın əleyhinə səs vermişdi. Seçki təkrarlananda səs fərqi 860 mini keçərək 9,2 faizə çatdı. Lakin qalib dəyişmədi, İmamoğlu yenidən seçildi.

Builki seçkilərdə 2019-cu ildə namizəd irəli sürməyərək Millət İttifaqı çərçivəsində İmamoğlunu dəstəkləyən İYİ Partiya, habelə DEM Partiya (ovaxtkı HDP) namizəd çıxarıb. Bunun İmamoğlunun işini çətinləşdirəcəyi hesab edilir. Cümhur İttifaqındakı Milliyyətçi Hərəkat Partiyası (MHP) bu dəfə də namizəd irəli sürmədən AKP-nin namizədi Murat Kurumu dəstəkləyib.

Son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyərək ittifaqa daxil olan Yenidən Rifah Partiyası (YRP) isə  AKP ilə razılığa gələ bilməyib öz namizədini irəli sürüb. Necmettin Erbakanın kürəkəni, YRP lideri Fatih Erbakanın böyük bacısı Elif Erbakanın həyat yoldaşı Mehmet Altınöz namizəd göstərilib ki, o, partiyada kifayət qədər nüfuzlu şəxsdir.

KIRKLARELİ - səs fərqi 0,25 faiz

Ötən seçkilərdə Kırklareli MHP-nin Trakiya bölgəsində qazanmağa ən çox yaxın olduğu vilayət idi. AKP-nin namizəd irəli sürmədən dəstək verdiyi MHP-nin namizədi Derya Bulut 16 920 səs toplamışdı. Lakin əvvəlki sədr - CHP tərəfindən təzədən namizəd göstərilməyən Mehmet Siyam Kesimoğlu bitərəf olaraq qatıldığı seçkidə rəqibindən 112 səs çox toplayaraq qalib gəlmişdi. Bu, 0,25 faiz fərq deməkdir.

Kesimoğlunun əvvəllər millət vəkili də olduğu keçmiş partiyası - CHP namizədi 21,13 faiz səs toplamışdı. Bu nəticə ilə Kesimoğlu 2019-cu ildə yerli seçkilərdə vilayət bələdiyyəsi sədri seçilən yeganə partiyasız namizəd olmağı bacarmışdı. 2021-ci ildə CHP-yə qayıdan Kesimoğlu bu seçkidə partiyasının namizədi olaraq irəli sürülüb. Ötən seçkilərdə CHP-nin və onun aldığı səslərin cəmi yüzdə 60-a yaxın olduğu üçün bu seçkidə də favorit kimi görünür.

BARTIN - səs fərqi: 0,37 faiz

Keçən bələdiyyə seçkilərində Bartında MHP-nin namizədi Cemal Akın 248 səslə AKP-li rəqibi Yusuf Ziya Aldatmazı geridə qoyub. Cümhur İttifaqı ortaqlarının ayrı-ayrılıqda yarışa qatıldığı bu vilayətdə iki namizəd arasında səs fərqi 0,37 faiz olub. Cemal Akın keçən il parlament seçkilərində MHP-nin vilayət üzrə proporsional siyahısından 1-ci sırada namizəd olmuşdu.

O, millət vəkili olmaq üçün bələdiyyə sədrliyindən istefa vermiş, lakin parlamentə düşə bilməmişdi. İki deputat yeri olan Bartında CHP və AKP-nin hərəyə bir mandat paylaşması nəticəsində MHP məğlub olmuşdu. Akın bələdiyyə sədrliyindən istefa verdikdən sonra bələdiyyə məclisində keçirilən səsvermə nəticəsində MHP fraksiyasının namizədi Hüseyin Fahri Fırıncıoğlu yeni bələdiyyə sədri olub.

Fırıncıoğlu bu seçkidə MHP-nin namizədidir. AKP bu dəfə Bartında vilayət üzrə namizəd irəli sürməyərək Fırıncıoğlunu dəstəkləməyə qərar verib. Bunun müqabilində MHP vilayətin rayonlarda namizəd irəli sürməyib və AKP-yə dəstək elan edib.

2019-cu ildə AKP və MHP-nin ümumi səsləri 70 faizdən çox olduğu üçün Fırıncıoğlunun şansı yüksək hesab olunur. İYİ Partiya namizəd irəli sürmədiyi üçün 2019-cu ildə CHP burada 25 faiz səs ala bilmişdi. Bu seçkilərdə hər iki partiya öz namizədlərini irəli sürür.

GİRESUN - səs fərqi: 0,49 faiz

CHP-nin 2019-cu ildə ən az fərqlə uduzduğu yerlərdən biri də Giresun vilayəti olub. AKP-nin namizədi Aytekin Şenlikoğlu CHP-nin namizədi Kerim Aksudan 310 səs çox toplayaraq bələdiyyə sədri seçilib. İki partiyanın səs payındakı fərq 0,49 faiz olub. 2019-cu ildə MHP AKP-yə, İYİ Partiya isə CHP-yə dəstək verərək namizəd irəli sürməyib.

Səadət Partiyası isə 2 faiz səs toplayıb. CHP bu dəfə Fuat Köse ilə seçkidə iştirak edəcək. Lakin son seçkidə CHP-yə dəstək verən İYİ Partiyanın həmin seçkilərdə bələdiyyə məclisi üzvlüyü üçün 5,39 faiz səs topladığı nəzərə alınarsa, bu dəfə İYİ Partiyanın öz namizədini irəli sürməsi CHP-nin işini çətinləşdirəcək.

YALOVA - səs fərqi: 0,54 faiz

Yalovada 2019-cu ildə CHP-nin namizədi Vefa Salman 338 səslə AKP-nin namizədi Yusuf Ziya Öztabaka qalib gələrək bələdiyyə sədri seçilib. İki namizəd arasında səs fərqi 0,54 faiz olub. Salmanın 2020-ci ildə Daxili İşlər Nazirliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılmasından sonra bələdiyyə məclisi AKP fraksiyasından Mustafa Tutuku yeni bələdiyyə sədri edib.

AKP bu seçkiyə də Tutukla girəcək. Tutuka qarşı ən güclü namizəd CHP-nin namizədi Mehmet Güreldir. 2019-cu ildə Yalovada AKP-yə dəstək verən MHP bu seçkidə də eyni mövqeyini davam etdirəcək. Ancaq Yalova vilayət ümumi məclisi üzvlüyünə seçkilərdə 4 faizdən çox səs toplayan İYİ Partiyanın bu il öz namizədini irəli sürməsi CHP-nin işini bir qədər çətinə salacaq.

MUŞ - səs fərqi: 0,82 faiz

2019-cu ildə AKP-HDP rəqabətinin səhnəsi olan Muş vilayətində 538 səs fərqi ilə AKP qalib gəlmişdi. AKP-nin namizədi Feyat Asya o zaman HDP adlanan hazırkı DEM Partiyanın namizədi Sırrı Sakıkdan 0,82 faiz çox səs toplayıb. MHP-nin namizədi olması planlaşdırılan, lakin AKP-yə dəstək vermək üçün son anda geri çəkilən Şerafettin Yatçı seçkiyə bitərəf namizəd kimi daxil olmuşdu.

AKP-nin 34 faiz, HDP-nin isə 33 faiz səs aldığı seçkidə o, 26,7 faiz səslə üçüncü yerə çıxmışdı. Yatçı bu dəfə İYİ Partiyadan namizəd olub. Bu seçkidə AKP və DEM Partiya kimi önə çıxır. AKP Feyat Asyanı yenidən namizəd göstərdiyi halda, DEM Partiya Sırrı Sakıkın əvəzinə onun adaşı olan Sırrı Söylemezi irəli sürüb.

KARABÜK -  səs fərqi: 0,93 faiz

Karabük 2019-cu ildə Cümhur İttifaqının iki böyük partiyası arasında qarşıdurmaya səbəb olub. MHP-nin namizədi Rafet Vergili 555 səs fərqi ilə bələdiyyə sədrliyini götürüb. AKP-nin namizədi Burhanettin Uysal rəqibindən 0,93 faiz az səs toplayıb.

AKP bu dəfə MHP-nin yenidən namizədliyini irəli sürdüyü Rafet Vergiliyə qarşı Özkan Çetinkaya ilə yarışacaq. 2019-cu ildə Karabükdə AKP və MHP namizədlərinin ümumi səsləri 80 faizə yaxınlaşıb. Ona görə də bu iki partiya bu seçkidə ən iddialı partiyalar kimi görünür.

0