Ukrayna Baş Astronomiya Rəsədxanasının alimləri 2025-ci il ərzində apardıqları müşahidələr zamanı Ay ətrafında təbii proseslərlə izah etməkdə çətinlik çəkdikləri bir sıra naməlum obyektlər qeydə aldıqlarını bildiriblər.
HİT.az xəbər verir ki, onların fikrincə, bu obyektlər yüksək hərəkət qabiliyyətinə malikdir və nəzəri olaraq qısa müddətdə Yerə yaxınlaşa bilər. Lakin tədqiqat hələ elmi ekspertiza (peer review) mərhələsindən keçməyib və nəticələr müstəqil tədqiqat qrupları tərəfindən təsdiqlənməyib.
Tədqiqatçılar bildirirlər ki, 2025-ci il ərzində 20-dən çox naməlum obyekt qeydə alınıb. Müşahidələr Kiyev vilayətinin Vinarivka kəndində yerləşən teleskop vasitəsilə aparılıb.
Saniyədə 20 kadr çəkən kameralarla toplanan görüntülərdə obyektlər çox zəif – cəmi iki piksel ölçüsündə izlər kimi görünüb.
Əsas məlumatlar 7 sentyabr 2025-ci ildə iki ayrı müşahidə sessiyası zamanı, əlavə müşahidələr isə 16 avqust 2025-ci ildə qeydə alınıb.
Alimlər müşahidə etdikləri obyektləri davranış xüsusiyyətlərinə görə iki qrupa ayırıblar.
Birinci qrup "atmosferik" adlandırılıb. Bu obyektlərin Ayın hərəkəti ilə sinxron şəkildə hərəkət etdiyi və 0,1–0,5 saniyə aralığında ritmik işıq siqnalları yaydığı bildirilir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bir-birindən yüzlərlə kilometr məsafədə yerləşən bəzi obyektlərin eyni anda parlaması diqqət çəkib. Onların fikrincə, bu, mümkün əlaqə sistemi ehtimalını irəli sürsə də, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Hesablamalara görə, obyektlərin Günəş işığını tam əks etdirdiyi fərz edilərsə, onların diametri təxminən 439 metr təşkil edir. Ay səthinə bənzər əks etdirmə qabiliyyəti qəbul edilərsə, ölçülərin 1,6 kilometrdən çox ola biləcəyi irəli sürülür.
İkinci qrup "kontinental" adlandırılıb. Tədqiqatçılar bu obyektlərin yüksək sürətlə hərəkət etdiyini iddia edirlər.
Onların məlumatına görə, müşahidə olunan obyektlərdən biri 22,5 kilometrlik məsafəni saniyədə 6,6 kilometr sürətlə qət edib.
Disk formasında təsvir edilən obyektlərin diametrinin 25,7–40,2 kilometr arasında olduğu bildirilir.
Bundan əlavə, 16 avqust tarixli müşahidələrdə halqa formalı başqa obyektlərin də qeydə alındığı qeyd olunur. Müəlliflərin iddiasına görə, bu obyektlər işığı əks etdirmək əvəzinə radiasiyanı udur, diametri təxminən 35,4 kilometrdir, saniyədə 10,9 kilometr sürətlə hərəkət edir və hər üç dəqiqədən bir öz oxu ətrafında dövr edir.
Tədqiqat müəllifləri bu xüsusiyyətlərin süni cazibə sahəsi yarada biləcəyi ehtimalını irəli sürürlər. Lakin bu fikir yalnız fərziyyə xarakteri daşıyır.
Məqalədə qeyd olunur ki, hesabat hələ müstəqil ekspertlər tərəfindən qiymətləndirilməyib. Buna görə də müşahidələrin görüntü emalı səhvləri, optik effektlər və ya atmosfer təsirləri ilə izah oluna biləcəyi istisna edilmir.
NASA və ABŞ rəsmiləri bəzi müşahidələrin hələ izah olunmadığını qəbul etsələr də, indiyədək əldə olunan məlumatların heç biri Yer xarici sivilizasiyanın və ya süni texnologiyanın mövcudluğunu sübut etmir. Bu səbəbdən Ayda gizli baza olduğu barədə iddialar hazırda elmi cəhətdən təsdiqlənmiş fakt deyil, yoxlanılmağa ehtiyacı olan fərziyyə kimi qiymətləndirilir.
Samir


