Cənubi Koreya və Tramp KXDR-in nüvə başlıqlarının sayı ilə bağlı fərqli rəqəmlər açıqladı

DÜNYA
17:32 / 20.08.2026
44

Cənubi Koreyanın müdafiə naziri An Gyu Bek bildirib ki, Şimali Koreyanın təxminən 80-120 nüvə silahı var. ABŞ prezidenti Donald Tramp isə bu həftə KXDR-in nüvə arsenalını 57 nüvə başlığı ilə qiymətləndirib.

HİT.az xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri bu məlumatları avqustun 20-də parlamentin iclasında açıqlayıb. O, dəqiq rəqəmi müəyyənləşdirməyin kifayət qədər çətin olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, Seulun qiymətləndirməsi özəl tədqiqat təşkilatlarının məlumatlarına əsaslanır. O, Cənubi Koreya və ABŞ-ın qiymətləndirmələrinin “görünür, müəyyən qədər fərqləndiyini” etiraf edib. “Reuters” onun sözlərindən sitat gətirib.

Avqustun 17-də ABŞ prezidenti Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasının və maliyyələşdirilməsinin azaldılacağını açıqlayıb. Tramp bu qərarı KXDR lideri Kim Çen Inla yaxşı münasibətləri qorumaq niyyəti ilə izah edib.

Avqustun 19-da Donald Tramp Kim Çen Inla görüşmək planlarının olduğunu bildirib.

“The Wall Street Journal” isə Trampın bu ilin payızında KXDR lideri ilə görüşmək imkanını nəzərdən keçirdiyini yazıb.

Samir

0