NASA-nın rəhbərlik etdiyi yeni araşdırmada Arktikada dəniz buzunun ərimə mövsümündə maraqlı dəyişiklik aşkar edilib. Məlum olub ki, 1979-cu ildən etibarən buzun ərimə mövsümü təxminən 40 gün uzansa da, 2010-cu il ətrafında bu tendensiya dayanıb və proses nisbətən sabitləşib.
HİT.az xəbər verir ki, alimlər 1979-2023-cü illər arasında peyk müşahidələrini təhlil edərək dəniz buzunun yazda əriməyə başladığı və payızda yenidən donduğu tarixləri müqayisə ediblər. Nəticələr göstərib ki, ərimə mövsümünün uzanmasının əsas səbəbi yazda ərimənin daha erkən başlaması deyil, payızda donmanın gecikməsi olub.
Tədqiqatçılara görə, 2000-ci illərdə buz örtüyünün sürətlə azalması okeanın daha tünd səthini üzə çıxarıb. Bu səth Günəş şüalarını daha çox udduğu üçün payızda buzun yaranması gecikib.
Lakin təxminən 2010-cu ildən atmosferdə buludluluqla bağlı dəyişikliklər Şimal Buzlu okeanına çatan Günəş radiasiyasının azalmasına səbəb olub. Nəticədə ərimə mövsümünün müddəti nisbətən sabitləşib.
Alimlər bunun Arktikadakı buz örtüyünün bərpa olunması anlamına gəlmədiyini vurğulayırlar. Hazırda bölgədə çoxillik buzun əhəmiyyətli hissəsi əvvəlki dövrlə müqayisədə daha nazik və gəncdir. Bu isə onu buludluluq, fırtına və küləklərin təsirinə daha həssas edir.
NASA tədqiqatçıları həmçinin bildirirlər ki, mövcud sabitlik müvəqqəti ola bilər. Qrenlandiyanın şimalında və Kanada Arktika arxipelaqında qalan qalın çoxillik buzun əriməsi davam edərsə, gələcəkdə buz itkisi yenidən sürətlənə bilər.
Araşdırmaya əsasən, Arktika hələ də qlobal orta göstəricidən təxminən dörd dəfə sürətlə istiləşir və bölgədəki buz örtüyü bir neçə onillik əvvəlkindən xeyli nazikdir.
Samir


