Evi olmayan, kirayədə qalan azərbaycanlı məşhurlarŞou-biznesdəki məşhurların bir çoxu bahalı evləri, villaları və maşını ilə öyünür və mülkləri ilə gündəmə gəlirlər. Amma incəsənət aləmində elə şəxslər də var ki, illərlə çalışsalar da, özlərinə bir yuva, ev düzəldə bilməyiblər. Necə deyərlər, hər şey efirdən, sosial şəbəkədən göründüyü kimi deyil.
Lent.az ötən həftə maşınsız olan məşhurların siyahısını təqdim etmişdi. Bu dəfə isə evi olmayan incəsənət nümayəndələrinin adlarını açıqlayır:
Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal illərdir evsizdir. 74 yaşlı aktyor evsiz olmasını bu cür izah edir: "Yəqin ki, mənə verərlər. Bu yaşa kimi ömrüm kirayələrdə, onun-bunun evində keçdi. Heç bilmədim ki, ömrüm necə keçdi. Qayğılar, evsizlik, şəraitsizlik...
Qismətim belə yazılıbmış. Yazılana pozu yoxdur".
51 yaşlı müğənni Mətanət Əsədova evsizdir. Müğənni bir dəfə Zaur Kamalın efirində evi kimi başqa bir yeri təqdim etmişdi. Daha sonra bu çəkilişin süni reklam olduğu üzə çıxmışdı. O hətta 43 bıçaq zərbəsi ilə qətlə yetirilən "Qızıl Məryəm"in evini öz evi kimi təqdim edib, orada çəkiliş etmişdi. Müğənni uzun illərdir kirayədə yaşayır.
65 yaşlı Əməkdar artist Ruhəngiz Allahverdiyeva kirayədə yaşadığını özü etiraf edib: "Hazırda bina evində qalıram. Özü də kirayədəyəm. Qazanıb uşaqlarımı oxudub, özümü geyindirmişəm. Ürəyim açıqdır, çoxuna çox şey etmişəm. Biri deyib telefonum yoxdur almışam, birinin borcu olub ödəmişəm. Bir ara səsim batdı, toylara getmədim. Həyat yoldaşım mənim qədər qazanmır. Hansı müğənninin həyat yoldaşı ondan çox qazanır? Həyat yoldaşları olsun ki, qazansınlar da".
Açıq-saçıq şəkillərinə görə müzakirə olunan müğənni Mina Hüseyn bu yaxınlarda açıqlamasında bildirib ki, evi yoxdur: "Ürəyimlə yox, ağlımla yaşasaydım, indi mənim evim də olardı, maşınım da".
38 yaşlı azərbaycanlı aktrisa Rada Nəsibova da evsizdir.
"Xalq ulduzu" yarışmasının iştirakçısı Şəhla Həmidova da bu siyahıya aiddir. Uzun illər öncə müğənniyə ev hədiyyə olunduğu deyilsə də, bu xəbərin sonralar yalan olduğu məlum olub.
Əməkdar artist Mehriban Xanlarova da hazırda evsizdir: "Zaurun verilişində qonaq olan zaman evdən söz düşdü. Zaur da məni göstərərək söylədi ki, Mehribanın evi yoxdur, maşında yatır. Mən orada Zaura cavab verdim ki, heç maşınım da yoxdur. Əgər maşınım olsaydı, satıb özümə ev alardım. Mənim nə yaşamağa evim, nə də maşınım var. Bütün Azərbaycan xalqı bilir ki, maddi durumum yaxşı deyil və bundan utanmıram. Öz halal zəhmətimlə böyük ailə saxlayıram".
Müğənni Fədaya Laçının bu günə qədər şəxsi evi olmayıb. Uzun illər Bakıda kirayə qalan ifaçı hazırda Moskvada kirayə qalır.
Əməkdar artist, Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Şahvələdqızı evsizdir. 44 yaşlı aktrisa heç zaman bu barədə danışmayıb.
41 yaşlı azərbaycanlı aktrisa Şəhla Əliqızının da evi yoxdur.
"Pişik" ləqəbi ilə tanınan Günel Ələkbərova uzun illər evsiz qalıb. Müğənni Xırdalanda kreditə ev alıb. Lakin müğənni açıqlamasında bildirib ki, krediti verə bilmədiyi üçün bank evi əlindən almaq istəyir.
50 yaşlı Xalq artisti Aygün Kazımovanın isə şəxsi evi olsa da, şəhərin mərkəzində kirayədə qalır.