"Teatrda maaşlar ürəkaçan səviyyədə deyil" - Aktrisa

MAQAZİN
09:17 / 25.04.2025
66

"Düşünürəm ki, teatr aktyordan daha çox zaman sərf etməyi tələb edir". 

Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, teatrda maaşlar da yüksək deyil:

"Tamaşalarda rol alaraq teatra illərini belə verə bilərsən. Bunu hansısa fəxri ad almaq üçün etmək olar. Lakin teatrda maaşlar maddi baxımdan o qədər də ürəkaçan səviyyədə deyil. Bu səbəbdən də Azərbaycanda aktyor və aktrisaların teatra marağı azdır". 

Sənətçi həmkarlarının nə üçün əsasən teatrda deyil, film və ya seriallarda oynamağa üstünlük verməsi barədə də danışıb:

"Çünki film və ya seriala çəkilərək daha çox tanınmaq olur. Həmçinin, film və serial sektorundakı qonararın teatrdan daha yüksək olduğunu da söyləmək lazımdır. Ona görə də bu sahəyə maraq daha çoxdur. Ümumiyyətlə, teatrda sadəcə aylıq maaş olur. Film və ya serialda isə qonararlar sponsor gücünə həll oluna bilir". 

Gülmira Fərzəliyeva özünün də nə üçün teatrı deyil, serial sahəsini seçməsinin səbəblərini etiraf edib:

"Tamaşaçılar məni daha çox seriallarda görürlər. Açığı, mən də artıq buna öyrəşmişəm. Filmdə isə ildə 1 dəfə falan çəkilirəm. O da bəzən olur, bəzən yox. Ancaq serialda rol almağı sevirəm. 

Üstəlik, serialdan uzun müddət qazanc əldə etmək olur. Teatr isə mənim üçün çox ağırdır. Hər gün tamaşanın məşqlərinə filan getmək mənə görə çox çətindir". 

Pərviz

0