Allergiyaya qarşı necə mübarizə aparmalıyıq? "Bəziləri ölümə də..." - MÜSAHİBƏ 

MARAQLI
17:00 / 09.10.2023
3017

"Bəzi allergiyalar ölümə də yola aça bilər".

Bunu sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Məhsəti xanım, allergiyaya səbəb nədir?
- Bir çox insanlarda qida allergiyası var. Bu əlamətlərə laqeyd yanaşılmamalıdır. Çünki bu, o deməkdir ki, orqanizmin hər hansısa immun sisteminin bir maddəyə qarşı həddindən çox həssas olması reaksiyaya səbəb olur. Bu isə ən çox orqanizmdə zülal tərkibli qidalarda olur. Hər bir insan orqanizmin hansı qida komponentinə qarşı allergiyası olduğunu bilməlidir.

- Allergiyanın əsas əlamətləri nələrdir?
- Allergiyanın əlamətləri bir çox hallarda qaşınma, dəridə səpki, qızarıqlıq, üzün, dodaqların və ya gözlərin şişməsidir. Ancaq tənginəfəslik, qusma, soyuq tərləmə, ishal və qarında ağrı kimi kəskin əlamətlərlə də müşahidə oluna bilir. Daha kəskin olduqda isə durmadan öskürək, dil şişməsi, şüur itməsi, nəfəs almaqda çətinliyin olması və danışa bilməmək halları ilə qarşılaşırıq. Belə olan hallarda, böyüklərdə şüurun itməsi və hətta ürəkgetməyə qədər apara çıxara bilər. Uşaqlarda isə ölümlə nəticələnmə ehtimalı yüksəkdir. Ona görə də hansı qidaya qarşı allergiyanın olduğunu bilmək lazımdır. 

- İnsanlarda birdən artıq qidaya qarşı allergiya ola bilər?
- Bəli, bir çox hallarda insanların bir deyil, bir neçə qidaya allergiyası olur. Belə olan halda, həmin qidanın ikisini birlikdə qəbul etmək ölümə də yol aça bilər. Yüngül, orta və şiddətli dərəcəli allergiyalar var. Bunlar onun neçə saatda və hansı simptomlarla ortaya çıxdığını göstərir.

Ümumiyyətlə, allergiya xüsusilə 6 ayına qədər ana südü ilə qidalanmayan insanlarda daha çox rast gəlinir. Bir çox insanlarda özünü yarım saatda göstərirsə, bəzilərində isə 24 saatdan 72 saata qədər də özünü biruzə verə bilər. Buna da diqqət etmək lazımdır.

- Bəs hansı qidalar allergiyaya daha çox səbəb olur?
- Əsasən zülal və protein tərkibli qidalar daha çox allergiyaya səbəb olur. Bu, uşaqlarda bir çox qidalarla özünü göstərir. Böyüyənə qədər orqanizmdə həmin qidalara qarşı intoleranslıq olur. Bu, adətən inək südü, yumurta və lobyadan ola bilir. Xüsusən lobya daha çox zəhərlənməyə gətirib çıxardığını unutmaq olmaz. 

Həmçinin, yer fıstığı və fındıq da allergiyaya səbəb olur. Hətta onun miqdarı aşmaq ölümlə nəticələnə bilən allergiyalara da gətirib çıxarır. Bundan əlavə, dəniz məhsulları və göbələyə aid də allergiya olur. Yeyilə bilən göbələkdən belə zəhərlənən insanlar var. Buna da diqqət etmək lazımdır.

Eyni zamanda, insanlarda buğdaya qarşı da allergiya ol bilir. Bu isə özünü gizli şəkildə biruzə verir. Qarında şişkinlik, köp və ağrılarla müşahidə olunur. Nəzərə almaq lazımdır ki, müasir buğdanın tərkibinin geni dəyişdirilir və müdaxilələr olunur. Ona görə də immun sistemi zəif olan orqanizm buğdanı həzm edə bilmir. Eyni zamanda da bağırsaqların da sağlamlığını pozur.

- Bir çox hallarda allergiyalardan həyatımız boyu xilas ola bilmirik. Bununla bağlı tövsiyələriniz nələrdir?
- Bəzi allergiyalar ömürboyu davam edir və müalicə olunmur. O insanlara həmin qidalardan birmənalı şəkildə uzaq durmaq tövsiyə olunur. Ancaq hər hansısa mövsümü meyvə-tərəvəzə və yaxud da sitrus meyvələrinə qaşrı allergiya varsa, bunu az miqdarda yeyə bilərlər. Gələcəkdə immun sistemi gücləndikdə onu daha rahat qəbul edə bilərlər.

Əgər ailənin bir fərdində və yaxud da valideynlərdə hər hansısa qida allergiyası varsa, bu zaman uşaqlarda diqqətli olmaq lazımdır. Onların da həmin qidalara qarşı allergiyasının olub-olmadığını yoxlanılmalıdır. Əks halda, xoşagəlməz hallarla rastlaşıla bilər. Bunlara laqeyd yanaşmaq olmaz. Ümumiyyətlə, istənilən insanda hər hansısa qidaya qarşı allergiyanın olduğunu öncədən müəyyənləşdirmək lazımdır. Allergiya qarşı hər hansısa dərmanı varsa, yanında əskik etməməlidir. 

Pərviz

0