Əgər bu ağaclar evə çox yaxın əkilərsə, ildırımın düşmə riskini artıra bilər. Buna görə də sahədə təhlükəsizliyi təmin etmək üçün ildırımı daha çox cəlb edən ağaclardan uzaq durmaq tövsiyə olunur.
HİT.az dom.wp.pl-a istinadən xəbər verir ki, ildırım həmişə yerə ən qısa və ən asan yolu axtarır. O, ən hündür və ya ən yaxşı keçirici obyektlərə düşür. Ən ideal hədəflər isə çoxlu nəm toplayan, dərin kök sisteminə və qalın, çatlamış qabığa malik iri ağaclardır.
“Elektrik boşalması belə bir ağac gövdəsinə düşdükdə temperaturun qəfil yüksəlməsi hüceyrə şirəsini sözün əsl mənasında parçalayır və ağac ya ikiyə bölünür, ya da partlayır. Əgər o, evin pəncərələrinə çox yaxın yerləşirsə, güclü enerji birbaşa binaya ötürülə bilər”, deyə məqalədə bildirilir.
İldırımı daha çox cəlb edə bilən ağac növləri:
Palıd: meşələrin kralı hesab olunsa da, ildırım üçün əsas hədəflərdən biridir. Hündür və nəhəng olması, həmçinin nəmli gövdəsi onu təbii ildırımötürücüyə çevirir.
Ağcaqayın (xüsusilə gümüşü ağcaqayın): sürətlə böyüyən və çox su saxlayan növlər elektrik keçiriciliyini artırır.
Cökə: yumşaq və rütubətli ağac toxumasına görə yay tufanlarında zədələnməyə daha həssasdır.
Şam və ladin: hündür iynəyarpaqlı ağaclar ildırımı daha tez cəlb edir, üstəlik qatran tərkibi səbəbindən yanma riski yüksəkdir və ildırım düşdükdə “alov məşəlinə” çevrilə bilər.
Bundan əlavə, söyüd, qovaq və akasiya kimi ağaclar da güclü küləklərə qarşı zəif kök sisteminə və kövrək budaqlara görə evlərdən və yolların yaxınlığından uzaqda əkilməlidir.
Göy gurultusu başlayanda bağ işləri dayandırılmalı və evə qayıdılmalıdır. Ağacların altında sığınmaq təhlükəlidir, çünki ildırım düşdükdə elektrik yer səthi ilə yayıla bilər.
Tufan zamanı şlanq və metal alətlərdən istifadə etmək də təhlükəlidir. Su və metal elektrik keçiricisi olduğuna görə risk artır. Qrablardan, bel və hətta bağ qayçılarından istifadə etmək məsləhət deyil.
İldırım ev daxilində də elektrik sisteminə zərər verə bilər və gərginlik sıçrayışları yarada bilər. Buna görə də qiymətli elektronika cihazlarını elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur. İlk növbədə televizorlar, kompüterlər, noutbuklar, oyun konsolları, planşetlər, Wi-Fi routerlər və printerlər qorunmalıdır.
Samir


