Almaniya alimləri poçt göyərçinlərinin böyük məsafələrdə evə yol tapmasına kömək edən mümkün mexanizmi aşkar ediblər. Gözlənilməz nəticəyə görə, quşların naviqasiyasında qaraciyərdə yerləşən immun sisteminin xüsusi hüceyrələri mühüm rol oynaya bilər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.
Uzun müddət göyərçinlərin Yer maqnit sahəsini hiss edərək ondan bir növ naviqasiya sistemi kimi istifadə etdiyi düşünülürdü. İndi isə Bon Universiteti və Maks Plank Heyvan Davranışı İnstitutunun tədqiqatçıları bu fərziyyəni dəstəkləyən sübutlar əldə ediblər.
Alimlər quşların qaraciyərinə diqqət yetiriblər, burada yüksək miqdarda dəmir toplanır. Xüsusilə onların marağını makrofaqlar — köhnə eritrositlərin parçalanması və dəmirin toplanmasında iştirak edən immun hüceyrələri cəlb edib.
Məlum olub ki, bu hüceyrələr superparamaqnetizm xüsusiyyətinə malikdir — bu isə onların maqnit sahələrinə reaksiya verməsinə imkan verən kvant xarakterli bir xüsusiyyətdir. Qaraciyər toxuması mikroskop altında araşdırılarkən makrofaqların sinir lifləri ilə birbaşa təmasda olduğu və siqnalları quşun beyninə ötürə biləcəyi müəyyən edilib.
Hipotezi yoxlamaq üçün tədqiqatçılar 34 poçt göyərçininin iştirakı ilə təcrübə aparıblar. Sınaqdan bir gün əvvəl 18 quşa makrofaqları məhv edən və bu hüceyrələrin sinir sistemi ilə əlaqəsini pozan klodronat preparatı yeridilib. Daha sonra quşlar göyərçinxanadan təxminən 19 kilometr uzaqda, günəşin görünmədiyi buludlu havada buraxılıb.
Nəzarət qrupundakı quşlar 70 dəqiqədən az müddətdə evə qayıda biliblər. Lakin makrofaqları məhv edilən göyərçinlər istiqaməti müəyyən edə bilməyib və təsadüfi uçuş trayektoriyası göstəriblər. Təcrübə günü onların heç biri geri qayıtmayıb.
Maraqlıdır ki, hava yaxşılaşdıqdan sonra vəziyyət dəyişib. Günəş çıxdıqda klodronatla işlənmiş göyərçinlər yenidən evə qayıtmağı bacarıblar. Oxşar nəticə günəşli havada aparılan sınaqlarda da müşahidə olunub.
Tədqiqatın rəhbərlərindən biri, Maks Plank İnstitutunun direktoru Martin Vikelksi bildirib ki, nəticələr maqnit kompasının xüsusilə günəş yönləndirməsinin mümkün olmadığı hallarda daha vacib rol oynadığını göstərir.
Müəlliflər qeyd ediblər ki, bu hələ yalnız ilkin təsdiqdir. Bununla belə, kəşf heyvanların naviqasiya mexanizmləri ilə bağlı elmi təsəvvürləri dəyişə bilər.
Samir


