Demək olar ki, bütün it sahibləri ev heyvanlarının yaşını yeddi ilə vuraraq onun “insan yaşında” neçə yaşında olduğunu hesablamağa çalışıb. Lakin məlum olub ki, bu düsturun elmi əsası yoxdur.
HİT.az xəbər verir ki, bu barədə “American Kennel Club” məlumat yayıb.
İtlərin yaşını insan illəri ilə hesablamaq ənənəsi hələ 1950-ci illərdə yaranıb.
Vaşinqton Dövlət Universitetinin Çarlz Konner Muzeyinin kuratoru Kelli Kessidi bildirib ki, bu qayda o qədər möhkəmlənib ki, onu aradan qaldırmaq çətindir.
Baytar Uilyam Fortni “The Wall Street Journal”a bu rəqəmin haradan yarandığını ehtimal etdiyini deyib. Onun sözlərinə görə, bu, insanlara itin insanla müqayisədə nə qədər sürətlə qocaldığını, xüsusilə sağlamlıq baxımından, izah etmək üsulu olub. Eyni zamanda bu yanaşma sahibləri ev heyvanlarını ildə ən azı bir dəfə baytara aparmağa təşviq edib.
Amerika Baytarlıq Tibb Assosiasiyası (“AVMA”) orta ölçülü itlər üçün tamamilə fərqli hesablama üsulu təklif edir:
* itin həyatının ilk ili təxminən 15 insan ilinə bərabərdir;
* ikinci il daha 9 insan ili əlavə edir;
* üçüncü ildən etibarən isə itin hər bir ili təxminən 5 insan ilinə bərabər tutulur.
Alimlər bu paradoksu hələ tam izah edə bilmirlər. Təbiətdə iri heyvanlar adətən kiçik heyvanlardan daha uzun yaşayır. İtlərdə isə vəziyyət əksinədir.
Göttingen Universitetinin bioloqu Korneliya Kraus “Inside Science”a açıqlamasında iri cinslərin həyatının sanki “sürətləndirilmiş çəkilişdə” keçdiyini bildirib.
Onun sözlərinə görə, itin hər 2 kiloqram əlavə çəkisi gözlənilən ömür uzunluğunu təxminən bir ay azaldır. Bunun mümkün səbəbləri arasında iri cinslərin yaşla bağlı xəstəliklərə və xərçəngə daha çox meyilli olması göstərilir. Buna isə sürətli böyümə səbəb ola bilər.
2019-cu ildə San-Dieqo Kaliforniya Universitetinin alimləri itlərin yaşını hesablamaq üçün tamamilə fərqli üsul təklif ediblər. Bu üsul DNT analizinə əsaslanır.
Yaş artdıqca həm insanların, həm də itlərin DNT-sində xüsusi “izlər” yaranır. Bu izlərin sayı orqanizmin nə dərəcədə qocaldığını müəyyən etməyə imkan verir.
Tədqiqatçılar müxtəlif yaşlarda olan 104 labrador-retriverin, balalardan tutmuş 16 yaşlı itlərə qədər, DNT-sini analiz ediblər. Əldə olunan məlumatlar əsasında belə bir düstur müəyyənləşdirilib: itin yaşının natural loqarifmini 16-ya vurub üzərinə 31 əlavə etdikdə onun təxmini “insan yaşı” alınır.
Bununla belə, tədqiqatda yalnız bir it cinsi iştirak edib. Buna görə də digər cinslər üçün bu düsturla əldə edilən nəticə əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Samir


