İtlər və insanlar uzunömürlülüklə bağlı ortaq bioloji xüsusiyyətlərə malik ola bilər

MARAQLI
22:14 / 27.08.2026
39

İtlərlə insanlar arasında yaşlanma prosesinə təsir edən bəzi bioloji oxşarlıqlar aşkar edilib.

HİT.az xəbər verir ki, bu barədə “Dog Aging Project” çərçivəsində aparılan yeni araşdırmaya istinadən "SciTechDaily" yazıb.

Tədqiqatçılar itlərin qan nümunələrini analiz edərək onların ömrü ilə əlaqəli metabolik xüsusiyyətləri araşdırıblar. Məlum olub ki, daha erkən və ya daha gec ölüm riski ilə əlaqəli bəzi metabolit nümunələri insanlarda daha əvvəl müşahidə edilən göstəricilərə bənzəyir.

Metabolitlər orqanizmdə normal bioloji proseslər zamanı yaranan kiçik kimyəvi birləşmələr və molekullardır. Alimlər hesab edirlər ki, onların yaratdığı müəyyən “metabolik iz” orqanizmin gələcək sağlamlıq vəziyyəti barədə məlumat verə bilər.

Araşdırmanın müəlliflərindən biri, baytar həkim Keyt Krivi bildirib ki, itlərdə erkən ölüm riski ilə əlaqəli və ya orqanizmi qoruyan molekulların insanlardakı analoji molekullara bənzəməsi diqqətçəkəndir. Onun sözlərinə görə, bu, hər iki növdə yaşlanma biologiyasının mühüm ortaq xüsusiyyətlərinin ola biləcəyini göstərir.

Alimlərin fikrincə, ev itləri insanlarda yaşlanmanı öyrənmək üçün xüsusilə əlverişli modeldir. Bunun əsas səbəbi onların insanlarla eyni mühitdə yaşaması, oxşar qidalanma və gündəlik həyat şəraitini paylaşmasıdır.

Bundan başqa, itlər insanlardan daha sürətli yaşlanır. İnsanların orta ömür uzunluğu təxminən 70 il olduğu halda, itlər adətən 12-13 il yaşayır. Bu isə alimlərə yaşlanma prosesini daha qısa müddətdə müşahidə etməyə imkan verir.

Tədqiqatçılar itlərdən əldə edilən nəticələri insanlarda aparılmış beş böyük ölüm araşdırmasının məlumatları ilə müqayisə ediblər. Nəticədə daha erkən və daha gec ölümlə əlaqəli metabolik nümunələrin əhəmiyyətli dərəcədə oxşar olduğu müəyyənləşdirilib.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, aşkar edilən biomarkerlər ölümün birbaşa səbəbi hesab edilə bilməz. Onların hansı mexanizmlə yaşlanmaya və sağlamlığa təsir etdiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Tədqiqatın nəticələri gələcəkdə həm itlərin, həm də insanların yaşlanma prosesinin daha yaxşı başa düşülməsinə və uzunmüddətli sağlamlığı qorumağın yeni yollarının araşdırılmasına kömək edə bilər.

Samir
 

0