12–13 may tarixlərində “Caspian Energy Club” üzvləri üçün Qarabağ bölgəsinə növbəti “Grand CEO Tour” təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təşkilatın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib ki, səfərin məqsədi iş adamlarının regionda həyata keçirilən bərpa, yenidənqurma və iqtisadi inkişaf prosesləri ilə yaxından tanış olmalarıdır.
Azərbaycanın iqtisadi, sosial və strateji inkişafında mühüm rol oynayan Qarabağ bölgəsinə həyata keçirilən işgüzar səfər çərçivəsində iştirakçılar, genişmiqyaslı layihələr və investisiya imkanları barədə yerində məlumat əldə edib, səfərin ilk günündə Ağdam Sənaye Parkında fəaliyyət göstərən bir sıra müəssisələrlə tanış olublar.
Onların sırasında Tebaterra, Eel Electric və Bafco İnvest yer alıb. İştirakçılara müasir istehsal infrastrukturu və tətbiq edilən innovativ yanaşmalar barədə ətraflı məlumat verilib. Daha sonra nümayəndə heyəti Xocalı ərazisində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət edib, faciə qurbanlarının xatirəsi ehtiramla anıb, memorial önünə əklil qoyublar.
Səfər proqramı çərçivəsində “Grand CEO Tour”un növbəti dayanacağı Xankəndi şəhərində yerləşən Accurate.az olub. Bu gün mayın 13-də- səfərin ikinci günündə isə Xankəndi şəhərində “Milli Biznesin İnkişafı Forumu”nun XVIII xüsusi sessiyası keçirilib. Sessiya regionun biznes mühiti, investisiya potensialı və sahibkarlığın inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.





