Azərbaycanda son aylarda havanın yağmurlu keçdiyi müşahidə olunur.
Hətta bəzi günlər paytaxtda və bir sıra rayonlarda günlərlə fasiləsiz yağış yağır. Bəzi hallarda yağan yağış leysan xarakteri alır və çayların daşmasına, sellərə gətirib çıxarır. Son iki ayda müəyyən fasilələrlə belə yağışlı havalar yaşadıq. Üstəlik, qarşıdakı 5 gün ərzində də leysan və sel ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bir çox ekspert bunun ilk dəfə baş verdiyini, indiyə kimi Bakıya günlərlə davam edən leysanın yağmadığını deyir. Həmçinin, iqlim dəyişikliyi və qlobal istiləşmə kimi amillərin də yağmurlu havaya təsir etdiyi söylənilir.
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, əvvəllər də Bakıya belə leysan yağıb:
“Kim deyirsə ki, “may ayında indiyə qədər Bakıda belə yağıntılı hava olmayıb” xəta edir. Çünki Bakıda bir 5-10 ildən bir təkrarlanan haldır. Bəli, bu qədər yağıntılı və sel olmayıb, o da şəhər infrastrukturunun təsiridir. Məsələn, mənim tələbəlik illərimdə də may ayında Bakıda güclü sel gedirdi. Lakin kanalizasiya yağış sularını götürə bilirdi və şəhər bu qədər sıx deyildi.
Bu gün isə suyun axacağı açıq kanalizasiya yoxdur. Halbuki belə fəsadlar baş verməməlidir. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı tədbirlər görməlidir. Bəzən iqlim dəyişiklikləri səbəbindən ölkəmizə yağıntılı Atlantik hava cərəyanları daxil olur və şimaldan daxil olan hava cərəyanları yağış gətirir. Bakı Şəhər İcra Hakimiyyəti buna hazır olmalı idi”.
Mütəxəssis qeyd edib ki, iqlim dəyişikliklərinin yağıntılı havaların intensivləşməsinə də təsiri var:
“Lakin qlobal istiləşmə hər yerdə ancaq isti havanın müşahidə olunacağı deyil. Qlobal istiləşmədə buxarlanma artır, onun nəticəsində də yağıntı müxtəlif yerlərdə səpələnir. Bərabər səpələnmədiyinə görə bir yerdə isti olanda, quraq olanda digər isti əraziyə də belə yağıntılar, leysanlar tökülür.
Xüsusən istinin ardından dolu yağması normal hallardır. Biz istəyərdik ki, dolu yağmasın, amma hava bizim istəyimizə uyğun deyil. Əksinə, bizim hazırlığımız olmalıdır. Yəni, həm sakinlər, həm də müfaviq qurumlar olaraq hazırlıqlı olmalıyıq”.
Pərviz



