Samirə Əfəndi iki il ölkəmizi “Avroviziya”da təmsil edəcək (VİDEO)

14:11 / 15.05.2020
1806

“İnanmırdım ki, “Avroviziya-2020” keçirilməyə bilər. Amma dünyaya yayılan koronavirus pandemiyası ilə bağlı müsabiqə ləvğ olundu. Buna çox üzüldüm. Sonra bizə xəbər verdilər ki, müsabiqənin konsert variantı onlayn şəklində keçiriləcək”.

Bunu “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək gənc müğənni Samirə Əfəndi “İctimai televiziya”da yayımlanan “Sabahın xeyir, Azərbaycan!” səhər proqramında qonaq olarkən deyib.

Samirə sabah onlayn formatda keçiriləcək “Avroviziya” şousu barədə bunları söyləyib:

“Avroviziya” təşkilatçıları sabaha möhtəşəm konsert təşkil ediblər. Onlar tamaşaçı ilə görüşməyimizə şərait yaratdılar. “Avroviziya” tarixində onlayn konsert olmayıb. Bu, ilkdir. Tamaşaçılar maraqlı və sürpriz dolu anların şahidi olacaqlar”.

Proqramda qonaq olan “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif müsabiqənin pərdəarxası məqamlarından danışıb:

“Əsas odur ki, yarışmada qalib və məğlub olmayacaq. Bu il “Avroviziya” müsabiqə yox, konsert formatında keçiriləcək. Həyəcansız musiqili festival olacaq. “Avroviziya” fanatlarını bir araya gətirən möhtəşəm şou olacaq.

Bu, Avropanın ən reytinqli və baxımlı televiziya layihəsidir. “Avroviziya”ya alternativ müsabiqə yoxdur. Mahnıların hamısı təqdim ediləcək. Tamaşaçıları iki saatlıq rəngarəng şou gözləyir”.

M.Arif ölkəmizi nüfuzlu müsabiqədə təmsil edən S.Əfəndinin ünvanına da təriflər yağdırıb:

“Samirə mənim favoritlərimdən biridir. Beş ildir, deyirəm ki, “Göndərin bu qızı müsabiqəyə”. O qədər ürəkdən dedim ki, Samirə iki il ard-arda ölkəmizi “Avroviziya”da təmsil edəcək”.

Qeyd edək ki, musiqi şousuna təmsilçimiz Samirə Əfəndi onlayn-konsertə “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

 

0
Oxu.az