Naxçıvanda gölün yanında çimərlik meydançası açıldı - FOTO

İDMAN
19:39 / 18.07.2020
1679

Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı icra olunan uğurlu layihələrdən biri də çimərlik futbolu ilə bağlıdır.

Ötən ayın 18-dən etibarən Uzunoba gölünün ərazisində inşasına başlanılan çimərlik futbolu meydançası artıq hazır vəziyyətə gətirilib.

İnşaat işləri Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının nəzarəti ilə icra olunub. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın ümumi sahəsi 1200 kvadrat metrdir. Oyun sahəsinin uzunluğu 36, eni isə 26 metrdir. Qum örtüyü üçün narın qumdan (420 kub metr) istifadə olunub.

Meydançanın kənarlarına bardür düzülüb, iki ədəd ehtiyat oyunçular skamyası, eni 5.50, hündürlüyü 2.20 metr olan oyun qapıları quraşdırılıb, bölücü xətlər üçün möhkəm materialdan lent çəkilib. Oyun ərazisinin kənarlarına ilk muxtar respublika çempionatının təşkilatçıları və sponsorlarına aid tanıtım lövhələri düzülüb. Məlumat üçün bildirək ki, Naxçıvanla yanaşı ölkəmizdə yalnız Bakı, Sumqayıt, Mingəçevir və Astarada çimərlik futbolu meydançaları mövcuddur.

Xatırladaq ki, iyulun 19-dan etibarən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatına qatılacaq komandaların onlayn qeydiyyatına başlanılıb. 25 iyulda yekunlaşacaq qeydiyyat prosesindən üç gün sonra püşkatma keçiriləcək. Avqustun 1-də çempionat start götürəcək.

0
Oxu.az