Hər gün istehlak etdiyimiz meyvə və tərəvəzlərin bir hissəsi pestisidlər də daxil olmaqla aqrokimyəvi maddələrlə yetişdirilir. Bu maddələrin bir hissəsi orqanizmə daxil olaraq zərər verə bilər.
HİT.az “Rynek Zdrowia” nəşrinə istinadən xəbər verir ki, britaniyalı alimlərin yeni araşdırması qida və suda mövcud olan 168 kimyəvi maddəni müəyyən edib və bunların bağırsaq mikrobiomuna ciddi təsir göstərə biləcəyini ortaya qoyub.
“Nature Microbiology” jurnalında dərc olunan tədqiqat göstərir ki, bu maddələrin gündəlik təsiri bağırsaq mikrobiomunu əvvəl düşünüləndən daha dərindən pozur.
Ən zərərli maddələr arasında pestisidlər, xüsusilə kənd təsərrüfatında geniş istifadə olunan herbisidlər və insektisidlər yer alır. Alimlər bildirir ki, bəzi bağırsaq bakteriyaları bu kimyəvi təsirə qarşı özlərini qorumaq üçün antibiotikə davamlılıq inkişaf etdirə bilər ki, bu da infeksiyaların müalicəsini çətinləşdirir.
Tədqiqatın həmmüəllifi doktor İndra Ru bildirib: “Bir çox kimyəvi maddə müəyyən hədəflərə – məsələn, həşəratlara və ya göbələklərə təsir etmək üçün hazırlanıb, lakin eyni zamanda bağırsaq bakteriyalarımıza da təsir edir. Bəzi maddələrin nə qədər güclü olduğunu görəndə təəccübləndik".
Onun sözlərinə görə, əvvəllər bu maddələrin çoxu insan orqanizmi üçün təhlükəsiz hesab edilirdi, lakin yeni nəticələr bunun həmişə doğru olmadığını göstərir.
Məqalənin aparıcı müəllifi professor Kiran Patil isə meyvə və tərəvəzlərdən gələn potensial riskin azaldılması üçün ən sadə yolun onların yaxşı yuyulması olduğunu qeyd edib.
“Çirkli” və “təmiz” meyvə və tərəvəzlər
ABŞ-ın “Environmental Working Group” (EWG) qeyri-hökumət təşkilatı gündəlik məhsullarda ən çox pestisid qalığı olan qidaların siyahısını tərtib edib.
“Çirkli onluq” (əslində “dirty dozen”) siyahısına aşağıdakılar daxildir:
1 ispanaq
2. kale kələm, kolard və xardal göyərtiləri
3. çiyələk
4. üzüm
5. nektarin
6. şaftalı
7. albalı
8. alma
9. böyürtkən
10. armud
11. kartof
12. mavi giləmeyvə (blueberry)
EWG tövsiyə edir ki, bu məhsullar mümkün olduqda “orqanik”, yəni aqrokimyəvi maddələr istifadə edilmədən yetişdirilmiş formada alınsın.
Eyni zamanda təşkilat pestisid qalıqlarının demək olar ki, olmayan “təmiz” məhsullar siyahısını da təqdim edib:
1. ananas
2. şirin qarğıdalı (təzə və dondurulmuş)
3. avokado
4. papaya
5. soğan
6. dondurulmuş yaşıl noxud
7. qulançar
8. kələm
9. gül kələm
10. qarpız
11. manqo
12. banan
13. yerkökü
14. göbələk
15. kivi
Samir


