Nazir olmaq istəmirəm - Flora Kərimova

12:37 / 23.05.2020
2323

Ötən gün Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən uzaqlaşdırılmasından sonra sosial şəbəkələrdə nazir postuna bəzi tanınmış simaların təyin olunacağı barədə müzakirələr başladı. Namizədlərin sırasında Xalq artisti Flora Kərimova da var.

HİT.Az xəbər verir ki, Yenisabah.az-a danışan sənətçi özünü nazir postunda görmək istəmədiyini deyib. O, bu vəzifəni çox məsuliyyətli və çətin iş hesab etdiyini bildirib:

“O postda olmaq çox məsuliyyətli işdir. Mən onu bacarmaram. Ümumiyyətlə, heç vaxt hardasa rəhbərlik etmək həsrətində olmamışam. Hansısa vəzifəni tutmaq istəməmişəm çünki təyin olunanda sevinirlər, çıxaranda isə adamı elə yerə çırpırlar ki… Bax, bunu düşünmüşəm hər zaman. Ağlı olan adam heç vaxt rəhbər vəzfəyə getməz. Hər şeyin əvvəli olan kimi sonu da var. Rəhbər vəzifənin sonu çox acınacaqlı olur, mən hələ o dərəcə ağlımı itirməmişəm. Balalarımın canına and içirəm ki, heç vaxt bu sevdada olmamışam. Çünki mən həyatı görmüşəm, etibarsızlqları görmüşəm. Bir adamın kürsüsü bir az büdrəyəndə o kürsüyə necə təpik atıb həmin adamı başı üstə atmaqlarını görmüşəm. Ona görə nə kimlərisə vəzifəyə təyin edəndə sevinmişəm, nə də çıxaranda. Bu həyatdır qalxır, enir. Heç vaxt gedən adamın halına gülməsinlər. Büdrəyən kürsüyə təpik vurub həmin adamı yıxıb qanını görəndə sevinməsinlər. Həmin gündən hamımız üçün var, kiminə ölümün simasında, kimə də bu cür hallarda”.

Xalq artisti Şeyx Əbdülün onun ünvanına səsləndirdiyi “Əbülfəs Qarayevin ən böyük düşməni elə Flora özüdür” fikirlərinə də münasibət bildirib: “Yox, belə şey yoxdur. Birincisi, Əbülfəs Qarayev 26 il idi ki, nazir vəzifəsində çalışırdı. Bu 26 ildə adamı görmədilər, bilmədilər, bilsələr də ağızlarını açmadılar, indi nə oldu ki, hamısı əjdaha oldu?! Bir həqiqət var ki, mən nə onun tərəfini saxlayıram, nə də əleyhinə danışıram. Mən sadəcə onu “vuranlara” səslənirəm. Onlara bir sualım var: indiyə qədər niyə dinmirdiniz? Elə əvvəl də demokratiya idi, niyə demirdiniz, kimi gözləyirdiniz? Gözləyirdiniz ki, “yuxarı”dan vursunlar, sonra siz də onu çırpasınız yerə? Bəs hanı sizin tükü-tükdən seçən münasibətiniz? 26 ildir sizin “kəskin sözlər”iniz harada idi? İndi dişinizin dibindən çıxanı danışırsınız, utanmırsınız? Əbülfəs Qarayev bu günə kimi mənə pislik etməyib, hətta etsəydi də dinməzdim. Həmin vaxt əgər mənim onun kabinetini açıb “siz busunuz” deməyə cürətim çatmırdısa, indi it kimi hürməyimin nə mənası var?! Bunu həm öz adıma, həm də danışanların adına deyirəm. 26 ildir dinmirdin, indi kişiliyin çatdı? İndi ayıldın ki, mən tələbkaram? Belə olan halda kimi suçlamaq lazımdır, naziri ya bizi? Danışanlar da bilirsiniz kimlərdir, fəxri ad almayanlar. Həmişə demişəm, yenə deyirəm, nazirdən heç nə asılı deyil. O, ötəri bir zəncirin halqası idi, onun dərkənarından sonra min dənə dərkənarlar olub. Biz ancaq yapışırıq nazirdən. Mən bir hadisə bilirəm, bundan illər öncə 36 nəfərə fəxri ad veriblər, bundan Mədəniyyət nazirinin xəbəri yox idi. Mən bu şeyləri görmüşəmsə, indi niyə onun ölüsünə də, dirisinə də söyüm? Həqiqəti bilmirsinizsə, dilinizi niyə uzadırsınız? Mən birüzlülüyün, kişiliyin tərəfdarıyam. Mən nə kiminsə əleyhinəyəm, nə çirkaba salmaq, nə də acıq çıxmaq istəmirəm. Kişi olmaq lazımdır, çünki bu xasiyyətdir. Hər bir xasiyyətimiz bu ölkənin taleyini həll edir. Belə qorxaq kütlə ilə nə əldə etmək olar? Məni yandıran budur. Mənim heç kəsdən asılılığım yoxdur, yaşasam sabah-birigün 80 yaşım olacaq, amma nakişilik etməyin. Sözünüz var idi vaxtında deyəydiniz. Allah onun da işini avand etsin. Hər bizimizə Allah taleyimizə görə cəza, nəticə verir. Bu işdə Allahın münasibətinə baxmaq lazımdır. Əl çəkin adamdan, 26 ildir orada işləyib, bir dəfə də olsun qüsuru dilə düşmədisə, deməli bu onun qisməti idi və o öz qismətini yaşayırdı. Ey kütlə, indi əl çəkin, bəsdir! Bu gün qalxıb, sabah yıxılan adamın yaxasından əlinizi çəkin! Yıxılanı baltalamayın. Kişiliyiniz var idisə əvvəldən deyəydiniz, kişiliyiniz yox idisə, əvvəldən qorxub küncə qısılmışdınızsa, elə o mənəviyyatsız küncdə də qalın, çürüyün!”

0