HİT.az Kulis.az-a istinadən görkəmli kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev haqqında maraqlı faktları təqdim edir.
Ayaz Ramiz oğlu Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb.
***
Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub. Bu verilişin sayəsində Azərbaycan tamaşaçısı dünya kinosunun ən yaxşı nümunələri ilə tanış olub. İndi yerli telekanallarda belə bir veriliş yoxdur.
"Retro" verilişi və onun qəribə intonasiyalı nitqi ilə seçilən aparıcısı respublikada qədər məşhur idi ki, parodiyaçıların əksəriyyəti onu yamsılayırdılar. Gənclər Ayaz Salayevin danışığı və maraqlı jestləri ilə parodiya öyrənirdilər. Ayaz müəllim bu veriliş haqqında müsahibələrinin birində deyir:
"Bu veriliş vasitəsi ilə populyarlıq qazandım. Mənim üçün bütün yollar açıldı. Populyarlıq çox əlverişli bir şeydir. Amma populyarlıqdan savayı o verilişin həyatımda çox əhəmiyyətli bir yeri var. "Retro" ilk növbədə məni ölkəyə bağladı. Sovet dönəmi idi və əgər o veriliş olmasaydı, mən ölkəni tərk edəcəkdim".
Hələ orta məktəbdə oxuyarkən, Andrey Tarkovskinin "Ayna" filminə baxıb və çox təsirlənib. Görünür, kino sahəsini seçməkdə də bu filmin böyük rolu olub.
***
1995-ci ildə çəkdiyi "Yarasa" filmi otuza yaxın beynəlxalq müsabiqədə iştirak edib. Anje şəhərində keçirilən Beynəlxalq Avropa Kinosu Festivalında Qran-priyə və başqa bir çox nüfuzlu mükafatlara layiq görülüb. Bütün bunlardan sonra Ayaz Salayevin təltiflərə münasibəti dəyişib:
"Mükafatlara fikir verin, hamısı bütpərəstliyin totemləridir: budaq, ayı, bəbir, yarpaq... Əfsuslar olsun, yoluxucudur bu. Mənəvi infeksiyadır. Hamı o mükafatı almaq istəyir. Mən "Yarasa"nı çəkəndə, həqiqətən heç bir festival düşünmürdüm. Amma oldu və korlandım. Yoluxdum. "Yarasa" filmi mənə verilən avans idi. O filmdə demək olar ki, hər şeyi təkbaşına eləmişəm. Filmin sponsor var idi. Amma qəpik-quruş... Aktrisanın saçını mən darayırdım, onu mən geyindirirdim. Hər kəsə nə edəcəyini mən deyirdim. Heç kim heç nə başa düşmürdü. Və böyük istehzayla yanaşırdılar."
Sərhədləri aşan ilk filmlərimizdən biri olan "Yarasa" ölkədə daha çox erotik epizodlara görə rezonans doğurmuşdu.
***
Ayaz Salayev bir ssenarini iki dəfə çəkən rejissor kimi tarixə düşüb. Dövlət sifarişi ilə çəkilən "Ehram TV" filmi sifarişçilər tərəfindən qəbul olunmadığı üçün ikinci variant da çəkilib. Lakin xeyli zaman keçsə də heç biri ictimaiyyətə təqdim olunmayıb.
Ayaz Salayev iki dəfə evlənib. İkinci evliliyi özündən 17 yaş kiçik tələbəsi ilə olub. Vaxtilə xanımına dərs desə də, ailədə özünü xanımının tələbəsi hesab edir.
***
Xanımı müsahibəsində tanışlıqlarını belə xatırlayır: "Məndən 17 yaş böyük dür. Təsəvvür edin, "Retro" verilişi başlayanda 6 yaşım vardı. Məni klassik musiqi konsertinə dəvət etdi və konsertdən sonra gəzintidə mənimlə evlənmək istədiyini dedi. Mənimçün çox gözlənilməz oldu. Təsəvvür eləyin də, müəllim kimi yanaşdığınız adamdan birdən-birə belə sözlər eşidirsiz. Mən ona ancaq bir neçə aydan sonra razılıq verdim. Sənətkar kimi çoxdan onun heyranıydım. O görüşdən çox əvvəl mən ona vurulmuşdum. Sadəcə, onu həqiqətən sevdiyimə əmin olmaq üçün vaxt lazımıydı. O zaman mənim cəmi 17 yaşım vardı".
Böyük qızı Leyli Salayeva şairdir. AYB-nin, İngiltərədə şairlər cəmiyyətinin üzvüdür. Şeirlərini ingilis dilində yazır.
Dini dünyagörüşü belədir: "Mənimki inancdan daha çox ümiddir. Mən ümid edirəm ki, o biri dünya var".