Dilarə Əliyeva Nazlı-qəmzəli obrazını canlandıracaq

MƏDƏNİYYƏT
13:30 / 07.07.2023
699

Əməkdar artist Dilarə Əliyeva Dövlət Akademik Musiqili Teatrında “Adamın adamı” tamaşasında rol alıb.

Teatrdan HİT.az-a verilən məlumata görə, aktrisa librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsus olan tamaşada Nazlı-qəmzəli obrazını canlandıracaq. 

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan səhnə əsərində məşqlərini uğurla davam etdirən aktrisa bu barədə ümumi təəssüratlarını bölüşüb:

“Bir neçə ay öncə Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdən “Adamın adamı” tamaşasında Nazlı-qəmzəli obrazını ifa etmək üçün təklif aldım. Lakin xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə də müzakirə etdim və müsbət qarşılanması məni daha da ruhlandırdı… Hazırda səhnə əsəri üzərində işlər davam edir… Tamaşaçılar məni daha çox televiziya ekranlarından tanıyırlar və düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq”. 

Qeyd edək ki, aktrisa ilə yanaşı, tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlili, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Günay Qasımova, Cəbrayıl Cəbrayılov da iştirak edəcəklər.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.

Azra

0